Türkiyə Respublikasının Ticarət naziri Ömer Bolat Avropa İttifaqı (Aİ) ilə Gömrük İttifaqının yenilənməsi çərçivəsində bəzi sahələrdə irəliləyiş əldə olunduğunu bildirib. Nazir e-ticarət, dövlət satınalmaları, sərmayələr və kənd təsərrüfatı məhsulları kimi istiqamətlərdə inkişafın qeydə alındığını diqqətə çatdırıb.
Brüsselə səfəri zamanı jurnalistlərə açıqlama verən Ö.Bolat Gömrük İttifaqının yenilənməsi üzrə danışıqların rəsmən başlaması üçün Aİ Şurası tərəfindən Komissiyaya hələlik səlahiyyət verilmədiyini qeyd edib. O, bununla belə, tərəflər arasında texniki danışıqların artıq başladığını vurğulayıb.
Gömrük İttifaqının həm Aİ-yə, həm də Türkiyəyə böyük fayda verdiyini xatırladan Ö.Bolat deyib: "Türkiyə-Aİ ticarəti 30 ildə 11 dəfə artaraq 233 milyard dollara çatıb. Bu səbəbdən də mövcud əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı qazanc mənasına gəlir."
Sənaye və rəqəmsal ticarət
Nazir Türkiyənin son bir ili Aİ-nin təklif etdiyi Sənayenin Sürətləndirilməsi Aktında (IAA) yer alan məhdudlaşdırıcı müddəalarla bağlı narahatlıqları aradan qaldırmağa həsr etdiyini diqqətə çatdırıb. Ö.Bolat bu çərçivədə başda avtomobil sənayesi olmaqla, gələcək sərmayələr və elektromobillər məsələsində məhdudlaşdırıcı tənzimləmələrin mövcudluğuna toxunub.
Rəqəmsal ticarət sahəsində həyata keçirilən addımlardan danışan Ö.Bolat Aİ-nin öz qanunvericiliyini hazırlayarkən Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət etdiyini bildirib. Nazir Türkiyənin Aİ-nin iyulun 1-dən tətbiq etməyə başladığı və bağlama başına 3 avro rüsum tutulmasını nəzərdə tutan qaydalardan azad edildiyini xatırladıb.
Məsələyə siyasi müdaxilələrin olduğu təqdirdə mənfi qərarların da çıxa biləcəyinə işarə edən nazir Türkiyənin mütləq "Made in EU" (Aİ istehsalı) altında yer almalı olduğuna inanan çoxsaylı Aİ rəsmisinin olduğunu da əlavə edib.
Bununla yanaşı, Aİ-nin fərqli iqtisadi maraqlara malik ölkələrdən ibarət olduğunu vurğulayan Ö.Bolat təmkinli və soyuqqanlı mövqe nümayiş etdirməyin vacibliyini dilə gətirib.




















