TÜRKİYƏ
5 dəqiqə oxuma
Türkiyə qlobal investisiyaları cəlb etmək üçün geniş islahatlar həyata keçirir
Maliyyə naziri Mehmet Şimşek İstanbulun regional maliyyə mərkəzinə çevrilməsini hədəfləyən investisiya planını açıqlayıb
Türkiyə qlobal investisiyaları cəlb etmək üçün geniş islahatlar həyata keçirir
Türkiyə qlobal investisiyaları cəlb etmək üçün geniş islahatlar həyata keçirir / AP

Türkiyə Respublikasının Xəzinə və Maliyyə naziri Mehmet Şimşek aprelin 27-də Ankarada keçirilən “Türkiyə Yüz ili: İnvestisiya üçün güclü mərkəz” vizyonu çərçivəsində təşkil olunan tədbirdə iştirak edib. Keçirilən mətbuat konfransında çıxış edən nazir M.Şimşek sənaye sahəsində transformasiyası, dəyər zəncirində yüksəliş, yaşıl və rəqəmsal keçidlər, məhsuldarlıq yönümlü investisiyalar və dəmir yolları kimi infrastrukturun inkişafına fokuslanan genişmiqyaslı struktur islahatların gündəmdə olduğunu vurğulayaraq, 2026-cı ilin “islahat ili” elan edildiyini bildirib.

M.Şimşek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən həftə açıqlanan islahat paketinin detallarını təqdim edib. O bildirib ki, yeni investisiya planı çərçivəsində məhsul və xidmət ixracını artırmağı, aktivlərin geri qaytarılmasını təşviq etməyi, yerli investorların fəaliyyətlərini Türkiyədə həyata keçirməyə həvəsləndirməyi və İstanbul Maliyyə Mərkəzini mühüm regional mərkəz kimi mövqeləndirməyi hədəfləyir.

Nazir qeyd edib ki, ilk təşəbbüs İstanbul Maliyyə Mərkəzində fəaliyyət göstərən şirkətlər üçün tranzit ticarətdə sıfır faiz korporativ vergi tətbiqidir. Müəyyən edilmiş maliyyə sektorları xaricində fəaliyyət göstərən şirkətlər isə tranzit ticarətdə 95 faiz vergi güzəştindən yararlanacaqlar.

M.Şimşek vurğulayıb ki, hökumət Sinqapur, Honq Konq və Maldivlər kimi rəqabətli ticarət mühiti yaratmağı hədəfləyir və Türkiyənin Orta Dəhliz üzərindəki strateji mövqeyindən istifadə edərək əsas ticarət yollarında söz sahibi olmağı planlaşdırır.

Nazir əlavə edib ki, 2009-cu ildə İstanbul Maliyyə Mərkəzi ilə bağlı tənzimləmə qəbul edilərkən tətbiq olunan 50 faizlik vergi güzəşti hazırda 100 faizə qaldırılıb.

Şimşek qeyd edib ki, Türkiyə artıq mühüm enerji mərkəzidir və aparıcı qlobal xammal ticarəti şirkətlərindən birinə ev sahibliyi edir. Bu isə ölkə daxilində oxşar şirkətlərin yaradılmasını təşviq edir.

 

Qərarlı addımlar

Nazir M.Şimşek bildirib ki, rəqabət qabiliyyətini artırmaq məqsədilə ixracatçılar üçün standart 25 faizlik korporativ vergi dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan ikinci təşəbbüs də gündəmdədir.

Nazirin sözlərinə görə, istehsalçı ixracatçılar artıq 9 faizlik aşağı korporativ vergi dərəcəsindən faydalanacaqlar. O əlavə edib ki, bu radikal addım xüsusilə 1990-cı illərdə geniş yayılmış subpodratçı modelinin artıq aktuallığını itirməsi fonunda xarici birbaşa istehsal investisiyalarını cəlb etməyə yönəlib.

M.Şimşek vurğulayıb ki, Türkiyənin Ümumi Daxili Məhsul üzrə (ÜDM) emal sənayesinin əlavə dəyər payı “Asiya nəhəngləri” kimi tanınan ölkələrlə eyni səviyyədədir.

Nazir qeyd edib ki, sənaye transformasiyası ölkənin istehsalını orta-aşağı texnologiyadan orta və yüksək texnologiyaya doğru yüksəltməyi hədəfləyir.

Hökumət daha böyük bazar payı əldə etmək məqsədilə xidmət ixracına tətbiq olunan vergi güzəştini də 100 faizə çatdırıb.

M.Şimşek bildirib ki, bu təşəbbüs proqram təminatı, video oyunları, tibbi turizm, təhsil, mühəndislik, dizayn və memarlıq kimi yüksək əlavə dəyərli xidmət sahələrini əhatə edir.

Nazir vurğulayıb ki, xidmət sektoru qlobal ticarətdə proteksionizm (dövlətlərin yerli istehsalçıları qorumaq üçün xarici mallara məhdudiyyətlər tətbiq etməsi siyasətinə) və parçalanma meyllərinə qarşı daha davamlıdır və Türkiyə artıq 60 milyard dolları aşan xidmət ixracı profisiti (ixrac gəlirlərinin idxal xərclərini üstələməsi nəticəsində yaranan artıq məbləğ) ilə güclü mövqeyə malikdir.

M.Şimşek qeyd edib ki, geniş daxili bazara malik olan Türkiyə ötən il 1,6 trilyon dollarlıq ÜDM ilə səkkiz qonşu ölkənin ümumi 1,3 trilyon dollarlıq iqtisadiyyatını geridə qoyub.

Nazir əlavə edib ki, Türkiyənin ÜDM indeksi 2002-ci ildəki 100 səviyyəsindən 328-ə yüksəlib və inkişaf etməkdə olan bazarların orta göstəricisi olan 314-ü ötüb.

 

Davamlı artım üçün möhkəm əsaslar

Mövcud inflyasiyanın azaldılması proqramı səbəbilə qısa müddətli iqtisadi yavaşlamanı qəbul edən M.Şimşek bildirib ki, hökumət davamlı iqtisadi artım üçün möhkəm əsaslar formalaşdırır.

Nazir qeyd edib ki, şirkətlər regional mərkəzlərini İstanbul Maliyyə Mərkəzinə köçürdükləri halda 20 il müddətinə korporativ vergi güzəşti əldə edəcəklər. Yeni paket çərçivəsində isə fəaliyyət mərkəzlərini Türkiyənin digər bölgələrinə daşıyan şirkətlərə 95 faiz vergi güzəşti tətbiq olunacaq.

M.Şimşek əlavə edib ki, işçilər də minimum əməkhaqqının dörd qatına – təxminən 3000 dollara qədər – gəlir vergisindən azad ediləcəklər.

Nazir bildirib ki, idarəetmə, məsləhət və insan resursları daxil olmaqla uyğun xidmət sahələri gəlirlərinin azı 80 faizini Türkiyə xaricindən əldə etməlidirlər.

M.Şimşek qeyd edib ki, hakim partiya son 20 ildə təxminən 300 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb edib və ölkəyə 87 min beynəlxalq şirkət gətirib.

Nazirin sözlərinə görə, sadələşdirilmiş bu proses şirkətlərin qeydiyyatı, iş və yaşayış icazələri, vergi və sosial təminat, torpaq ayrılması və ekoloji təsdiqləri əhatə edir. Bundan əlavə, Türkiyə vətəndaşları və qlobal vətəndaşlar üçün xaricdən əldə edilən gəlirlərə sıfır vergi tətbiq edən 20 illik qeyri-rezident rejimi də istifadəyə verilib.

Qeyd olunub ki, bu imkandan yararlanmaq üçün şəxslər son üç ildə altı aydan artıq müddətdə Türkiyədə vergi ödəyicisi kimi yaşamamış olmalıdırlar.

M.Şimşek əlavə edib ki, bu çərçivə daxilində miras vergisi həmin şəxslər üçün 10 faizdən 1 faizə endirilib və bu model İtaliya və Yunanıstan kimi ölkələrdə tətbiq olunan 15 illik oxşar proqramlardan daha üstün nəticə göstərir.

 

Terminal İstanbul

Xidmət şirkətləri də 50 nəfər üçün məşğulluq yaradaraq vətəndaşlıq proqramına qoşulmaq hüququ əldə edə bilərlər.

Nazir M.Şimşek qeyd edib ki, şirkətlərin yaradılması və fəaliyyəti fiziki mövcudluq tələb etmədən tam şəkildə onlayn həyata keçirilə bilər.

Hökumət həmçinin keçmiş Atatürk Hava Limanının terminalını “Terminal İstanbul” adlı yeni texnologiya mərkəzinə çevirərək vergi baxımından səmərəli səhm opsionu planlarını və startap yönümlü maliyyə alətlərini genişləndirməyi planlaşdırır.

Nazir bildirib ki, yeni aktivlərin geri qaytarılması mexanizmi xaricdə saxlanılan kapitalın ölkəyə dönüşünü təşviq edərək yerli kapital bazarlarının dərinləşməsinə töhfə verəcək.

Sonda isə M.Şimşek vurğulayıb ki, İstanbul Maliyyə Mərkəzi strategiyası idarəetmə və insan kapitalını uzunmüddətli təşviqlərlə birləşdirir və bu təşviqlər 2047-ci ilə qədər qüvvədə olacaq. Nazir əlavə edib ki, bu geniş iqtisadi mövqeləndirmə strategiyası 20 illik proqnozlaşdırıla bilən mühit, yüksək qlobal cəlbedicilik və investorlar üçün maneəsiz giriş imkanları təqdim edir.

MƏNBƏ:TRT