Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək qlobal problemlərə, xüsusilə Fələstindəki vəziyyətə, regional münaqişələrə, iqlim dəyişikliyi və süni intellekt təhlükələrinə diqqət çəkib.
R.T.Ərdoğan çıxışında Fələstin Prezidenti Mahmud Abbasın iki il ardıcıl olaraq Baş Assambleyada iştirak etməməsini tənqid edib. Türkiyənin azad və suveren Fələstin dövlətinin səsi olmağa davam edəcəyini vurğulayan dövlət başçısı hələ də Fələstini tanımayan ölkələri qərarlarını yenidən nəzərdən keçirməyə çağırıb. Qəzzadakı ağır humanitar böhrana toxunan R.T.Ərdoğan minlərlə insanın həyatını itirdiyini, insanların didərgin düşdüyünü və xəstəxanaların ciddi yanacaq çatışmazlığı ilə üzləşdiyini bildirib. O, İordan çayının qərb sahilində qanunsuz məskunlaşma fəaliyyətlərinin və Qüdsdəki müqəddəs məkanlara giriş məhdudiyyətlərinin artdığını qeyd edərək, Qəzzanın yenidən qurulmasına başlanılmasının və 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.
BMT-nin qurulmasından 81 il ötməsinə baxmayaraq dünyanın hələ də müharibə və münaqişələrlə mübarizə apardığını, təkcə son 12 ayda 60-dan çox münaqişənin baş verdiyini diqqətə çatdıran R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunda güclü islahatların aparılmasının vacibliyini bildirib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqların davam etdirildiyini bildirən R.T.Ərdoğan Qara dənizdə ticarət gəmilərinə edilən hücumların kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq qəbuledilməz olduğunu bəyan edib. Türkiyənin Avropanın təhlükəsizliyində mühüm rol oynadığını qeyd edən dövlət başçısı Balkanlar, Cənubi Qafqaz, Suriya, İraq və Afrikadakı proseslərə qarşı rəsmi Ankaranın diplomatik təşəbbüslərini diqqətə çatdırıb.
İqlim dəyişikliyi məsələlərinə də toxunan R.T. Ərdoğan Türkiyənin COP31 tədbirinə ev sahibliyi edəcəyini açıqlayaraq, iqlim ədalətinin gündəmin mərkəzində dayanacağını, Türkiyənin təşəbbüsü ilə başlayan "Sıfır Tullantı" hərəkatının isə artıq qlobal bir kampaniyaya çevrildiyini qeyd edib. Sosial media üzərindən yayılan dezinformasiya və süni intellektin yaratdığı risklərə diqqət çəkən dövlət başçısı bu sahədə ortaq beynəlxalq hüquqi çərçivənin yaradılmasının zəruriliyini vurğulayıb.






















