Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial media səhifəsində Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Səfərin Bakının işğaldan azad edilməsinin 108-ci ildönümünə təsadüf etdiyini vurğulayan nazir deyib: "Qlobal problemlər və regional proseslər qarşısında hər zaman əməkdaşlıq və həmrəylik içində olduğumuz qardaş və müttəfiqimiz Azərbaycana mühüm səfər etdik’’.
O, göstərilən səmimi qonaqpərvərliyə görə başda xarici işlər naziri Ceyhun Bayramov olmaqla bütün Azərbaycan rəsmilərinə təşəkkür edib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və həmkarı Ceyhun Bayramovla görüşlər keçirdiyini qeyd edən Hakan Fidan bölgədəki böhranları qiymətləndirdiklərini, Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın bərqərar olunması, eləcə də Türk dünyasının ortaq gələcəyi ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.
Görüşlərdə iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi, enerji və nəqliyyat sektorlarındakı birgə layihələr, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb.
H.Fidan həmçinin vurğulayıb ki, Türkiyə qardaş Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, ortaq hədəflər naminə çiyin-çiyinə irəliləməyə davam edəcək.




















