Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi paytaxt Astanadan sonra Türküstan şəhərinə də gedib.
Mustafa Çiftçi səfər çərçivəsində Xoca Əhməd Yəsəvi türbəsini ziyarət edib və Əhməd Yəsəvi Universitetində olub. Nazir daha sonra qazaxıstanlı həmkarı Yercan Sadenovla görüşüb.
Görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, axtarış tədbirləri, miqrasiya təhlükəsizliyi, həmçinin aidiyyəti qurumlar arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.
Görüşün sonunda nazirlər Qazaxıstan ilə Türkiyə arasında readmissiya haqqında sazişi imzalayıblar.
Tərəflər qurumlar arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və təhlükəsizlik sahəsində birgə işin gücləndirilməsi barədə razılığa gəliblər. İmzalanan saziş isə ölkələr arasında miqrasiya sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı, qanuni əsası olmadan ölkədə qalan şəxslərin geri qaytarılması qaydalarını tənzimləyir.


















