İran tərəfi ABŞ-ni müharibəyə son qoymaq məqsədilə təşkil edilən müzakirələri pozmaqda ittiham edib. İranın xarici işlər naziri Abbas Əraqçi məsələ ilə bağlı verdiyi bəyanatda rəsmi Tehranın münaqişəni dayandırmaq üçün xoşməramlı addımlar atdığını və tərəflərin "İslamabad Anlaşma Memorandumu"nu imzalamağa çox yaxın olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, ABŞ-nin maksimalist yanaşması, daim dəyişən şərtləri və blokada qərarı prosesə mane olub. "Xoşməramlılıq xoşməramlılıq, düşmənçilik isə düşmənçilik doğurur", - deyə Abbas Əraqçi qeyd edib.
Bu açıqlamalar ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) gələn həftənin ilk günündən etibarən İran limanlarına qarşı dəniz blokadası tətbiq edəcəyini elan etməsindən sonra verilib. Qeyd olunur ki, sözügedən blokada Hörmüz boğazı vasitəsilə İrandan kənar limanlara hərəkət edən gəmilərə şamil olunmayacaq.
Pakistanın vasitəçiliyi ilə şənbə günü baş tutan danışıqlar intensiv müzakirələrə baxmayaraq heç bir irəliləyiş əldə olunmadan yekunlaşıb. Hər iki tərəf fundamental fikir ayrılıqlarını həll etmədən İslamabadı tərk edib və diplomatik səylərin davam etdirilməsinə ehtiyac olduğunu bildirib.
Xatırladaq ki, bu müzakirələr ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı müharibəni dayandırmaq üçün göstərilən beynəlxalq səylərin tərkib hissəsi idi.






