TUSAŞ-ın Baş direktoru Mehmet Demiroğlu Türkiyə ilə 30 reaktiv təyyarəlik müqavilə bağlayan İspaniyanın daha 15 ədəd "HÜRJET" təlim təyyarəsi almağı planlaşdırdığını açıqlayıb.
Türkiyənin şimalında yerləşən Kastamonu şəhərində keçirilən tədbirdə çıxış edən M.Demiroğlu İspaniyaya təhvil işlərinin 2028-ci ildə başlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O, təyyarələrin hələ Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilmədən qabaq İspaniyanın artıq “Çox bəyəndik, 30 ədəd almaq istəyirik” dediklərini bildirib.
“Artıq müqaviləni imzalamışıq. 2028-ci ildəki təhvil prosesi üçün çalışırıq. Onlar daha 15 ədəd təyyarə almağı planlaşdırırlar", - deyə M.Demiroğlu əlavə edib.
TUSAŞ-ın istehsal imkanlarına da toxunan M.Demiroğlu müəssisənin kampusunda "KAAN" hərbi təyyarəsi, "HÜRJET" və "HÜRKUŞ" təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları, peyklər və təyyarə hissələri üzrə işlərin paralel şəkildə aparıldığını bildirib. Təsərrüfatın altı fərqli sahədə sınaq və istehsal həyata keçirdiyini deyən M.Demiroğlu bu məkanı milli qürur mənbəyi kimi qiymətləndirib.
"HÜRKUŞ" təyyarələrinin təhvil verilməsinə başlanıldığını və bu prosesin gələcək illərdə də davam edəcəyini vurğulayan M.Demiroğlu Azərbaycanı mühüm ixrac ünvanı adlandırıb. O, şirkət olaraq xaricə satışı daha da artırmağı hədəflədiklərini bildirib.
Türkiyənin müdafiə sənayesinin ölkənin beynəlxalq mövqeyini möhkəmləndirdiyini və onun texnologiyasına olan qlobal marağı artırdığını qeyd edən M.Demiroğlu sözlərinə belə devam edib:
"2020-ci illərdə, xüsusilə müdafiə sənayesində qazanılan uğurlarla birgə, bütün dünyada Türkiyəyə qarşı böyük bir heyranlıq yarandı. Hər kəs bizim məhsullarımıza, gördüyümüz işlərə və əldə etdiyimiz nailiyyətlərə heyranlıqla baxır".
"KAAN" hərbi təyyarəsi də daxil olmaqla, Türkiyənin müdafiə proqramlarının əsas məqsədinin çəkindiricilik yaratmaq olduğunu ifadə edən M.Demiroğlu Türkiyə Silahlı Qüvvələrini və ölkəni təhlükəsizlik təhdidlərinə qarşı hazırlamağın vacibliyini vurğulayıb:
"Biz müharibə etmək üçün çalışmırıq. Əksinə, müharibədən yayınmaq üçün çalışmalıyıq. Biz "KAAN"dan istifadə etmək istəmirik. Onu sırf istifadə etmək məcburiyyətində qalmamaq üçün istehsal edirik".
Tədbirdə tələbələrə də müraciət edən M.Demiroğlu gənc nəsli bacarıqlarını artırmağa və özlərini gələcəyə hazırlayacaq texnologiyaları öyrənməyə çağırıb. O, TEKNOFEST aviasiya və texnologiya festivallarının geniş yayılmasının gənclərdə texnologiya həvəsinin stimullaşdırılmasına kömək etdiyini qeyd edib.














