İrandakı iki yarı rəsmi xəbər agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının İranın "tam nəzarəti" altında olduğunu və mülki gəmilər üçün açıq qaldığını, lakin hərbi gəmilərə "sərt cavab veriləcəyini" bildirdiyini qeyd edib.
Bu təhdid Vaşinqtonun bu gün (13 aprel 2026) saat 14:00-dan (GMT) etibarən İran limanlarına blokada tətbiq edəcəyini açıqlamasından sonra gəlib.
ABŞ və İran arasındakı gərginlik Pakistanda keçirilən ABŞ-İran atəşkəs danışıqlarının razılaşma əldə olunmadan başa çatması ilə atəşkəs elan edilməsinə baxmayaraq davam edir.
Danışıqlarda İran tərəfini təmsil edən Məclis sədri Məhəmməd Baqir Qalibaf İrana qayıtdıqdan sonra verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampa müraciət edərək deyib: "Siz döyüşsəniz, biz də döyüşərik".
Yeddinci həftəsinə girən müharibə minlərlə insanın ölümünə və qlobal bazarların sarsılmasına səbəb olub. İran ABŞ-nin İran limanlarına və sahil zolağına blokada elan etməsindən sonra Bəsrə və Oman körfəzlərindəki limanları təhdid edib.
SEPAH dövlət televiziyası İRİB tərəfindən yayımlanan bəyanatda Bəsrə körfəzi və Oman dənizindəki limanların təhlükəsizliyinin "ya hamı üçün, ya da heç kim üçün" olduğunu bildirib.
Bəyanatda İran silahlı qüvvələrinin "ölkənin qanuni hüquqlarının müdafiəsini təbii və qanuni vəzifə olaraq gördüyü, bu səbəbdən də İranın ərazi suları üzərindəki suverenliyindən istifadə edilməsinin İran millətinin təbii hüququ olduğu" ifadə edilib.
Açıqlamada "düşmənlə əlaqəli gəmilərin" Hörmüz boğazından keçidinə icazə verilməyəcəyi, digər gəmilərin isə Tehran tərəfindən müəyyən edilmiş qaydalara tabe olaraq keçə biləcəyi qeyd olunub.
SEPAH "davam edən düşmən təhdidlərinə" istinad edərək, İranın müharibədən sonra belə "Hörmüz boğazına nəzarət etmək üçün qalıcı bir mexanizmi qətiyyətlə tətbiq edəcəyini" bildirib.
Açıqlamada həmçinin, "Cinayətkar ABŞ-nin beynəlxalq sularda dəniz hərəkətinə gətirdiyi məhdudiyyətlər qanunsuzdur və piratlıqla eynidir" ifadələri yer alıb.






