İQTİSADİYYAT
2 dəqiqə oxuma
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyənin maliyyə şəffaflığı sahəsində son 10 ildə mühüm irəliləyiş əldə etdiyini bildirib
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı

Beynəlxalq Valyuta Fondunun (BVF) ölkələrin maliyyə statistikası, büdcə idarəçiliyi, maliyyə risklərinin idarə olunması və hesabatlılıq kimi dövlət maliyyə idarəçiliyi təcrübələrini araşdırdığı "Maliyyə Şəffaflığının Qiymətləndirilməsi" yenilənməsi çərçivəsində Türkiyə ilə bağlı hesabatı dərc olunub.

Hesabatda Türkiyənin maliyyə şəffaflığı sahəsində son 10 ildə böyük inkişaf yolu keçdiyi qeyd edilib. Bildirilib ki, ölkə dövlət maliyyə idarəçiliyində son illərdə əldə etdiyi irəliləyiş səviyyəsinə görə qiymətləndirmə prosesi başa çatan təxminən 40 ölkə arasında ən yuxarı pillələrdə yer alıb. Bu ölkələrin arasında Böyük Britaniya, Finlandiya, İrlandiya, Avstriya və Portuqaliya da var.

Hesabatda vurğulanıb ki, Türkiyənin dövlət maliyyə idarəçiliyindəki irəliləyişində bir sıra islahatlar mühüm rol oynayıb. Bunlara maliyyə statistikasının davamlı olaraq təkmilləşdirilməsi, fəaliyyətin nəticələrinə əsaslanan proqram büdcəsinin tətbiqi və beynəlxalq dövlət mühasibatlığı standartlarının həyata keçirilməsi daxildir.

Fondun hesabatında Türkiyənin maliyyə şəffaflığı sahəsindəki inkişafı 20 ildən artıqdır davam edən institusional transformasiyanın nəticəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, BVF-nin 2000-ci ildə həyata keçirdiyi maliyyə hesabatlılığı və standartlara dair ilk yoxlamada büdcənin hazırlanması və icrası proseslərində nöqsanların olduğu müəyyən edilmişdi. Həmçinin dövlət maliyyə hesabatlılığının böyük ölçüdə nağd pul əsaslı büdcə məlumatlarına söykəndiyi, balans məlumatlarının məhdud olduğu və maliyyə risklərinin kifayət qədər açıqlanmadığı müəəyyən olunmuşdu.

2015-ci ildəki qiymətləndirmədə isə hüquqi bazanın əvvəlki dövrlərə nisbətən möhkəmləndiyi, orta müddətli büdcə tərtibi təcrübələrinin inkişaf etdirildiyi və maliyyə hesabatlılığının əhatə dairəsinin ümumi dövlət sektorunu ehtiva edəcək şəkildə genişləndirildiyi ortaya qoyulmuşdu.

MƏNBƏ:TRT