Türkiyənin Antalya şəhərində keçirilən COP31 sammitində Sakit okeanda yerləşən ada dövlətlərinin liderləri dəniz səviyyəsinin yüksəlməsi təhlükəsinə diqqət çəkərək iqlim maliyyələşdirilməsinin artırılmasına və bərpaolunan enerjiyə keçidin sürətləndirilməsinə çağırıblar.
Solomon adalarının Baş naziri Metyu Kuper Uel ölkəsinin iqlim fəlakətləri səbəbindən hər il 79 milyon dollar (ÜDM-in 5%-i) itkiyə məruz qaldığını bildirib. O, dəniz səviyyəsinin ildə 7–10 millimetr (qlobal orta göstəricidən iki-üç dəfə çox) qalxdığını və eroziya səbəbindən bir sıra adaların məhv olduğunu qeyd edib. O, atmosferi ən çox çirkləndirən ölkələri zərərli tullantıları kəskin azaltmağa və həssas ölkələrə maliyyə dəstəyini artırmağa çağırıb.
Tonqanın Baş naziri Fatafehi Fakafanua qalıq yanacaqlardan imtinanı sürətləndirməyin və onlara ayrılan subsidiyaları ləğv etməyin vacibliyini vurğulayıb. Tuvalunun Baş naziri Feleti Teo isə dəniz səviyyəsindən cəmi iki metr hündürlükdə yerləşən ölkəsinin yox olmaq təhlükəsi ilə üzləşdiyini desə də, gələcəklərindən imtina etməyəcəklərini bildirib.
Kiribati Prezidenti Taneti Maamau isə 1,5°C qlobal istiləşmə hədəfinə çatmaq üçün 2035-ci ilə qədər qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyə və qlobal elektrikləşməni ən azı 35 faizə çatdırmağa çağırıb.























