Bugünkü məqaləmizdə xüsusilə qış aylarında və fəsil keçidləində tez-tez içdiyimiz bitki çayları haqqında danışacağıq. Dəyişkən hava şəraiti, temperaturun qəfil enib-yuxarı çıxması hallarında, yəqin ki, siz də: “Yaxşısı budur gedib bir isti bitki çayı içim, yaxşı təsir edər”,- demisiniz, elə deyil? Bəs heç, görəsən, bu çayları doğru şəkildə qəbul edib etmədiyiniz barədə düşünmüsünüz? Qarışıq çaylar təhlükəli ola bilər? “TRT Haber” kanalı bu və digər suallarla bağlı dosent Zülfiyyə Gülə müraciət edib. Gəlin, mütəxəssisimizin məsələylə bağlı nələr dediyinə diqqət yetirək.
Farmakoloq dosent Zülfiyyə Gül deyir ki, qış aylarında və fəsil keçidlərində insanlar soyuqdəymə, zökəm və qrip kimi xəstəliklərə tez-tez tutulur. Bu xəstəliklərdən təbii yollarla qorunmaq və immunitet sistemini gücləndirmək istəyənlər şəfanı bitki çaylarında axtarırlar.
Ən çox üstünlük verilənlər cökə, adaçayı, rəzyanə, yaşıl çay, rozmarin, zəncəfil, sarıkök və darçındır. Lakin bu bitkilərin necə və hansı miqdarda qəbul edilməsi də mühüm şərtdir.
Bitki çaylarından möcüzə gözləmək doğrudurmu?
Farmakoloq dosent Zülfiyyə Gül ilk növbədə tənəffüs yolları xəstəlikləri zamanı tez-tez içilən bitki çaylarına dərman kimi baxılmamalı olduğunu vurğulayır. O, bitki çaylarının xəstəliyin ilkin mərhələlərində sağalmağa kömək edə biləcəyini qeyd edərək deyir:
"Bitki çayları immunitet sistemimizi gücləndirməyə kömək edə bilər. Çünki bu bitkilərin tərkibində yüksək miqdarda antioksidant var. Yəni onlar bədənimizdəki toksinləri toplayıb xaric edəcək molekullara malikdirlər. Lakin xəstəlik irəlilədikdən sonra bu bitkilərdən çox da böyük möcüzə gözləmək düzgün deyil. Bir çayla dərmanın verəcəyi effekti əldə etmək qeyri-mümkündür. Onları heç bir halda dərman əvəzi hesab etmək olmaz."
Qarışıq çaylardan uzaq durmalıyıq
Dosent Zülfiyyə Gül qış çayı adı altında qarışıq halda satılan çaylara diqqət çəkir. Bunun ciddi bir problem olduğunu vurğulayır. Qarışıq çayların kim tərəfindən hazırlandığını, içində hansı bitkinin hansı miqdarda olduğunu bilmədiyimizi xatırladır. Əslində bu çayları içməyin faydadan çox zərər verə biləcəyini bu sözlərlə ifadə edir:
"Qarışıq çaylardan uzaq durmalıyıq. Çünki bu bitki qarışıqları, hətta bu sahədə çox məlumatlı şəxslər tərəfindən hazırlansa belə, bir kimyəvi bombardmana çevrilir. İçində hansı məhsuldan nə qədər olduğunu bilmədiyimiz üçün dozanı hesablaya bilmirik. Bu isə qeyri-müəyyən bir risk yaradır. Mənim tövsiyəm bu məhsulların tək-tək qəbul edilməsi istiqamətindədir."
Bitki çayı içərkən kimlər nələrə diqqət etməlidir?
Doğrusu, mütəxəssislər belə bu suala dəqiq cavab verməkdə çətinlik çəkirlər. Çünki hər bir bitkinin özünəməxsus kimyəvi xüsusiyyəti var. Dozanın əhəmiyyəti də buna müvafiq olaraq müəyyən edilməlidir. Lakin bunu dəqiqliklə demək olarki, xroniki xəstəliyi olanlar bitki çayı qəbul edərkən daha çox diqqətli olmalıdırlar.
Dosent Zülfiyyə Gül bu vəziyyəti belə izah edir: "Çünki bitki dediyimiz şey əslində bir aptekdir, yəni onun tərkibində də bir çox kimyəvi maddələr var. İstifadə etdiyimiz dozadan asılı olaraq onların bədənimizə təsir dərəcələri müxtəlifdir. Məsələn, bir təzyiq və ya şəkər xəstəsi davamlı olaraq eyni bitki çayından yüksək dozada istifadə edərsə, hər gün qəbul etdiyi dərmanın sorulma və ya bədəndən xaricolma dozasına təsir göstərə bilər. Bu bitkilər dərmanın bədəndən atılmasını və ya sorulmasını dəyişdirəcəyi üçün xəstəliyin gedişatına da təsir edəcək. Bu isə ciddi fəsadlara, hətta həyati təhlükəyə qədər ciddi nəticələrə yol aça bilər".
Bu səbəbdən xroniki xəstəliyi olanlar bitki çayından istifadə etmək istəyirlərsə, mütləq ondan əvvəl həkim ilə məsləhətləşməlidirlər.
Farmakoloq Zülfiyə Gül xroniki xəstəliyi olmayan sağlam şəxslər üçün də qarışıq çaylar əvəzinə bitki çaylarını tək halda qəbul etməyi məsləhət görür və bunu belə bir nümunə ilə izah edir: "Yarpaqlı bitkilər daha çox dəmləmə üsulu ilə hazırlanır. Köklü bitkilər isə qaynadılır. Məsələn, əgər cökə dəmlənəcəksə, iki-üç çimdik cökə iki-üç stəkan suda dəmlənir. Qəbul edilən miqdar da çox vacibdir. Gündə iki stəkan içmək normaldır."
Dosent Zülfiyə xanım burada hamilə qadınlar üçün də bir mötərizə açır və qarışıq çay istifadəsi ilə bağlı xəbərdarlığını onlar üçün də təkrarlayır: "Çünkü o çayların tərkibində çox fərqli bitkilər var. Hər bir bitkinin tərkibində isə əslində kimyəvi maddələr mövcuddur. Həmin kimyəvi maddələrin hamiləlik dövründə körpəyə və anaya necə təsir edəcəyini bilmədiyimiz üçün bu baxımdan çox risklidir".
Antioksidantın çoxu da zərərdir
Bitki çayları bədənimizdəki zərərli toksinlərin xaric edilməsini təmin edən antioksidantlarla zəngindir. İmmuniteti qorumaq və gücləndirmək üçün onlardan həddindən artıq istifadə edildikdə isə bu dəfə ortaya tam fərqli bir mənzərə çıxa bilər. Çünki antioksidantın çoxu da zərər verir.
Farmakoloq Zülfiyyə xanım bu məsələni belə izah edir: "Antioksidant dediyimiz maddə gedib toksinə yapışır və onun bədəndən atılmasını asanlaşdırır. Həddindən çox antioksidant qəbul etdiyimiz zaman bir müddət sonra bu antioksidantların özləri də toksin kimi rəftar etməyə başlayırlar. Nəticədə isə artıq bədənə zərər verirlər. Bədəndəki antioksidntların sayları çox artanda bu dəfə gedib bizim molekullarımıza yapışırlar. Vacib fermentlərimizə, zülallarımıza, amin turşularımıza yapışırlar. Onlar da öz funksiyalarını yerinə yetirə bilmirlər. Bu isə hüceyrə strukturumuzun pozulmasına səbəb olur."
Bitki çayları təbii bir dəstək ola bilər, lakin bunu unutmayaq ki, o möcüzəvi bir pereparat deyil. Bu kimi vasitələri normasında, həkim nəzarəti altında, bir sözlə şüurlu şəkildə qəbul edərək sağlamlığımıza töhfə vermək mümkündür. Unutmayın, hər şeyin çoxu zərər, qərəri isə şəfadır! Növbəti yazımızda yenidən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın!

























