Çoxdilliliyin faydaları
PUBLİSİSTİK YAZILAR
5 dəqiqə oxuma
Çoxdilliliyin faydalarıFərqli dillər bilməyin üstün cəhətləri
Çoxdilliliyin faydaları

Heç fikirləşmisiz, niyə bəzi insanlar bir neçə dili digər insanlara görə daha asan öyrənir? Ya da niyə uşaqlıqda öyrənilən dil heç vaxt unudulmur? Çox dil bilmək beynimizə necə təsir edir? Bu məqaləmizdə məhz bu suallara cavab verməyə çalışacağıq.

Son illərdə neyropsixologiya və zehin inkişafı sahəsində aparılan tədqiqatlar göstərir ki, çoxdillilik beynin strukturunu və funksiyalarını həqiqətən dəyişdirə bilir. 2023-cü ildə dərc olunmuş neyropsixoloji araşdırmalar bunu ortaya qoyur. Belə ki, iki dilli uşaqlar mürəkkəb diqqət testlərində tək dilli həmyaşıdlarına nisbətən daha yüksək nəticə göstərirlər. Üstəlik, yetkinlik və yaşlılıq dövründə çox dil bilmək “Alzheimer” və demensiya simptomlarını belə gecikdirə bilər.

Bəs dil öyrənməyə hansı yaşda başlamaq düzgündür? Bu elə ancaq uşaqlıq dövründə olmalıdır? Bununla bağlı edilməli məqamlar nələrdir? Bu gün bu sualları neyropsixoloq Merve Tuğçe Doğru xanım ilə birlikdə cavablandırmağa çalışacağıq.

 

Kiçik yaşda bir neçə dil öyrənmək niyə daha asand olur?

Çünki uşaqlıq dövründə beynin formalaşma qabiliyyəti, yəni neyroplastiklik xüsusilə 0–6 yaş aralığında zirvə həddə olur. Təsəvvür edin ki, bu yaşlarda sinir hüceyrələri arasındakı əlaqələr inanılmaz sürətlə qurulur və möhkəmlənir.

Buna görə də, kiçik yaşda müxtəlif dillərlə təmas uşaqların dil mərkəzlərini genişləndirir və beynin daha çevik işləməsini təmin edir.

Neyropsixoloq Merve Tuğçe Doğru bu kritik dövrü belə izah edir: “2–11 yaş arası öyrənilən dillər zehni inkişafı dəstəkləyir. İkinci dili öyrənən uşaqların üçüncü və dördüncü dilləri daha sürətli müddətdə mənimsədikləri də müşahidə olunur. Bu prosesdə beynin strukturunu araşdırdıqda görürük ki, neyron əlaqələr və beynin plastisliyi hər yeni məlumat və hər yeni dil ilə daha güclü elastiklik və inkişaf nümayiş etdirir. İkinci bir dil öyrənmək üçün isə ən gec 10 yaşa qədər başlamağı tövsiyə edə bilərik, çünki daha sonrakı yaşlarda beynin məlumatı qəbul etmə qabiliyyəti dəyişməyə başlayır.”

Tədqiqatlar uşaqlıq dövrünün dil öyrənilməsi üçün ideal olduğunu göstərsə də, yeniyetməlik və yetkinlik dövründə də yeni bir dili öyrənmək tamamilə mümkündür. Yeganə fərq ondan ibarətdir ki, beynin plastisliyi azaldıqca yerli aksenti mənimsəmək və ya tam səlisliyə çatmaq bir qədər daha çox səy tələb edir.

 

Zehni inkişaf üstünlükləri – diqqət, yaddaş və problem həlli

İndi isə məsələnin ən maraqlı hissəsinə keçid edək. İki və ya daha çox dili idarə etmək beynin diqqəti cəmləmək və lazımsız məlumatları süzgəcdən keçirmək qabiliyyətini gücləndirir. Bunun nəticəsində isə yaddaş möhkəmlənir və söz ehtiyatları arasında sürətli keçid mümkünləşir.

Kanadadakı York Universitetində aparılan tədqiqat göstərib ki, 4–6 yaş arası iki dilli uşaqlar xüsusi diqqət gərəktirən mürəkkəb tapşırıqlarda tək dilli həmyaşıdlarına nisbətən daha uğurludur. Avropanın bir neçə rəsmi dili olan ölkələrində də oxşar nəticələr müşahidə olunur.

Mütəxəssisimiz çox dil bilməyin zehni inkişafla olan əlaqəsi barədə belə deyir: “Zehni inkişaf qabiliyyətləri artım göstərir, fərddə diqqət və fokuslanma bacarığı artır, beyin plastisliyi inkişaf edir, eşitmə qabiliyyətləri güclənir. Bir neçə dil bilmək beyində idrak bacarığını artıra bilər. Dillərarası keçidlə zehni çeviklik, problem həll etmə və yaradıcı düşünmə bacarıqları inkişaf edir. Çünki müxtəlif dil strukturları və söz istifadələri beynin düşüncə mexanizmlərinə təsir göstərir.”

Qısaca desək, çox dil bilmək yaddaşı gücləndirir, problem həll etmə və yaradıcılıq bacarıqlarını artırır. İki dilli olmaq bir dili “söndürüb” digərinə keçid zamanı beynin idarəedici funksiyalarını daim aktiv saxlayır. Bunu bir növ beyin məşqi kimi də təsəvvür edə bilərsiz.

 

Olası çətinliklər – dil qarışıqlığı

Əlbəttə, çoxdilli böyümənin üstünlükləri ilə yanaşı, diqqət edilməli olan bəzi məqamları da var. Dillər arasında davamlı keçid bəzən eyni cümlə daxilində müxtəlif dildə olan sözlərin qarışdırılması və ya söz tapmaqda çətinlik kimi hallara səbəb ola bilər. Bu, hər nə qədər təbii proses olsa da, valideynlərdə “dillər birbirinə qarışır?” kimi narahatlıqlara səbəb ola bilər.

Merve Tuğçe Doğru məsələylə bağlı belə deyir: “Burada diqqət eilməli olan məqam odur ki, insan zehni, bəzən emal prosesi zamanı müəyyən qədər yavaşlıya bilər. Məsələn, dillər arasında keçid zamanı dil qarışıqlığı yarana bilər, söz tapma və ifadə etmə prosesi daha uzun çəkə bilər. Səhv dildə söz və ya ifadə işlətmə halları ortaya çıxa bilər.

Çünki beyin hansı məlumatın hansı dildə saxlanıldığını ayırd etməkdə və lazım gəldikdə onu geri çağırmaq proseslərini idarə etməkdə çətinlik çəkə bilər.”

Bəs bu halda nə etmək lazımdır? Valideynlərin evdə “bir valideyn – bir dil” kimi ardıcıl strategiyalar tətbiq etməsi və ya müntəzəm aralıqlarla hər bir dil üzrə praktika aparılması bu qarışıqlığı azaltmağa kömək edir.

 

Çox dilliliyin yetkinlik və yaşlılıq dövründəki faydaları

İndi isə ən ümidverici hissəyə gəldik. Çox dil bilmək yaş artdıqca da mühüm üstünlüklər qazandırır. Aktiv dil istifadəsi beyni daim yeni əlaqələr qurmağa təşviq etdiyi üçün “Alzheimer” və demensiya simptomlarının gecikməsinə töhfə verə bilər.

Merve Tuğçe Doğru yaşlılıq dövründə də neyroplastikliyin davam etməsi barədə belə deyir: “İnsan dünyaya gəldiyi andan etibarən beyni davamlı şəkildə dəyişir və inkişaf edir. Uşaqlıq və yeniyetməlik dövrü beynin yeni məlumatları öyrənməyə və sinaptik əlaqələr qurmağa ən meyilli olduğu mərhələdir. Qeyd etmək lazımdır ki, neyroplastiklik adlanan bu qabiliyyət yetkinlik və yaşlılıq dövründə də davam edir.

Yetkin insanlarda beyin hüceyrələri arasındakı əlaqələr daim yenidən qurulur və yeni məlumatların öyrənilməsi mümkündür. Yaşlılıq dövründə də beyin yeni əlaqələr yarada və mövcud olanları gücləndirə bilər. Bu prosesdə fərdin motivasiyası və performansına görə dil öyrənilməsi və onun qorunması fərdi amillərdən asılı olaraq dəyişir. Dil inkişafı və çoxdillilik yaşlılıq dövründə ictimai-mədəni münasibətlər, yeni kəşflər və fərqli təcrübələr baxımından da çox vacibdir.”

Hörmətli dinləyicilər, bu gün çox dil bilməyin beynimizə olan təsirlərindən danışdıq. Gördük ki, istər uşaqlıqda, istərsə də yetkinlik dövründə yeni bir dil öyrənmək beyin üçün əla bir məşqdir. Bəli, müəyyən çətinliklər ola bilər, lakin faydaları daha çoxdur.

Unutmayaq ki, yeni bir dil öyrənmək üçün heç vaxt gec deyil. Çünki beyin hər yaşda öyrənməyə açıqdır. Bəlkə də bu gün yeni bir dil öyrənməyə başlamaq üçün ən uyğun gündür!

MƏNBƏ:TRT