Bu gün olduqca maraq doğuran və bəlkə də bir qədər narahat edən bir mövzu ilə qrşınızdayıq. Bugünkü mövzumuz insan zehni haqqındadır. Bu məqalədə insan zehninin təsəvvür etdiyimizdən qat-qat daha güclü bir mexanizm olduğunu görəcəyik.
Hamımız müsbət düşüncələr sayəsində sağlamlığına qovuşan insanların hekayələrini eşitmişik, doğrudurmu? Bu hekayələr bizə ümid verir, bizi ruhlandırır. Ancaq bilməliyik ki, bu hekayənin tam əksi də mövcuddur.
Mənfi düşüncələr bədənimizi həqiqətən xəstə sala bilərmi? Elə məhz Nosebo effekti bunu izah edir. Əgər zehnimiz bizə müsbət düşüncələrlə depressiyadan çıxmağa kömək edə, yaxud sağalma prosesini sürətləndirə bilirsə, onda mənfi düşüncələrin bizə nə qədər ağır təsir göstərə biləcəyini də təsəvvür etmək çətin deyil. Beynimiz həm müsbət, həm də mənfi mesajlara uyğunlaşaraq bu mesajları fiziki gerçəkliyə çevirə bilir.
Ancaq gəlin əvəlcə Nosebodan qabaq, yəqin ki, hamımızın bildiyi bir anlayışdan danışaq: plasebo.
Zehnimiz müsbət düşüncə sayəsində çox güclü təsir yarada bilər. Plasebo effekti o zaman ortaya çıxır ki, dərman və ya müalicənin əslində heç bir aktiv tərkib maddəsi olmadığı halda, insan özündə yaxşılaşma müşahidə edir.
Təsəvvür edin ki, ağrınızı kəsdiyinə inandığınız sadə bir “şəkər həbi” belə beyninizə təsir edərək ağrını həqiqətən azalda bilər. Bu mövzuda Sağlıq Elmləri Universitetindən neyropsixoloqu Merve Tuğçe Doğrunun fikirləri xüsusilə diqqət çəkir:
“Aparılan təcrübələrin əksəriyyəti plasebonun və saxta dərmanların xüsusi hazırlanmış kimyəvi qarışıqlar qədər təsirli ola bildiyini göstərir.”
Bəs bu necə mümkündür?
“İnsanın öz zehində verdiyi qərara və hökmə bir müddət sonra beyin və bədən uyğunlaşma prosesinə daxil olur. Bu, zehinin bədən üzərində təsirinin azımsanmayacaq dərəcədə güclü olduğunu göstərir”, - deyə Merve T.Doğru qeyd edir.
Gəlin, real həyatdan nümunələrə baxaq. Məsələn, saxta diz əməliyyatı keçirən xəstələrin diz ağrılarının azalması. Vitamin qəbul etdiyini düşünən idmançıların performansında gözlə görünən artım və s.
Hətta “Parkinson” xəstəliyinin müalicəsində belə plasebo heyrətamiz təsirlər göstərə bilir. Merve T.Doğru belə deyir: “PET və ya MRT ilə qan axını ölçmələri araşdırıldıqda, plasebo effekti tətbiqi zamanı neyron aktivliyində dəyişikliklər aşkar edilib. Beyində metabolik aktivlikdə plasebo mənşəli artım və azalmaları ilə bağlı siqnal verilib.”
İndi isə əsas mövzumuz olan noseboya keçid edək. Əgər müsbət bir inam bizi sağalda bilirsə, mənfi bir düşüncənin bizi xəstələndirməsi niyə mümkün olmasın?
Elə məhz nosebo effekti bu narahatedici həqiqətə işarə edir. Nosebo effekti nədir? Sadə dillə desək: hər hansı bir vəziyyət və ya maddə ilə bağlı mənfi fikirlərin insanın zehnində fiziki narahatlıq yaratmasıdır.
Məsələn, farmakoloji baxımdan təsirsiz bir dərman qəbul edirsiniz, amma yan təsirlərindən qorxursunuz. Belə olduğu halda o yan təsirləri həqiqi bir şəkildə yaşamağa başlayırsınız. Demək olarki bu, nosebonun ən aydın nümunələrindən biridir.
Merve T.Doğru bu təsirin əsasını belə izah edir:
“Nosebo reaksiyaları təsadüfi seçmə üsulu ilə aparılan klinik tədqiqatlarda plasebo qəbul edən xəstələrdə müşahidə olunan mənfi təsirlərdir və paradoksal olaraq simptomları ağırlaşdıra, tibbi müalicələrə mənfi cavablar yarada bilər. Nosebo tipli təsirlər insanın inanmasının, zehində bir qərar verməsinin və beynini həmin nəticəyə uyğun kodlamasının nə qədər təsirli olduğunu göstərir. Plasebo və nosebo anlayışları insanın psixoloji tərəfinin nə dərəcədə güclü olduğuna işarə edir.”
Bəs tam dəqiq desək beyində nə baş verir? Nosebo beynin idrak və emosional mexanizmləri üzərindən işləyir. Mütəxəssisimiz bunu belə izah edir: “Dopaminergik və opioid sistemlər həm mükafat mexanizmlərini, həm də emosional prosesləri tənzimləyir. Nosebo effekti ilə bu sistemlərin fəaliyyəti pozula bilər. Bu isə ürək-damar, immun və neyroendokrin sistemlərə mənfi təsir göstərə bilər.”
Bir anlıq təsəvvür edin! Təkcə beyninizdəki düşüncələr belə ürək sağlamlığınıza, immun sisteminizə, hormonlarınıza təsir edə bilər.
Bəs nosebo effekti təkcə laboratoriyalarda, klinik tədqiqatlarda mı qarşımıza çıxır? Bu sualın cavabı xeyrdir.
Həyatımızın hər sahəsində ətraf mühitdən təsirlənirik. Ailəmizin, dostlarımızın, sosial mühitin mənfi düşüncələri fərqində olmasaq belə bizə təsir göstərir. Bununla da Merve T.Doğru nosebo effektinin təkcə sağlamlıq sahəsində deyil, gündəlik həyatda da görünə bildiyini belə izah edir:
“Zehnin mənfi düşüncələrlə məşğul olması həyat keyfiyyətini aşağı salır. Sosial münasibətlərimiz, ailə fərdlərimizlə olan əlaqələr və iş həyatında yaşadığımız stress nosebo effektini təsir göstərə bilər.”
Bildirilir ki, bu təsir təkcə psixoloji deyil. Fiziki sağlamlığımız üçün də təhlükə yarada bilər. “Mənfi düşüncələrlə dolu bir zehin həyat standartlarımıza mənfi təsir göstərir”, — deyə Merve T.Doğru əlavə edir.
Bəs belə bir halda biz nə edə bilərik? Xoşbəxtlikdən bunun bir həll yolu var: müsbət düşüncənin gücü nosebo effektinə qarşı antidot ola bilər. Mütəxəssislər nosebo effektinin qarşısını almağın ən təsirli yolunun müsbət düşüncə gücünü artırmaq olduğunu deyirlər. Gəlin, bunun üçün tövsiyə olunan üsullara baxaq:
· Meditasiya
· Mindfulnes (şüurlu fərqindəlik — anbaan daxili fərqindəlik və indiki ana fokuslanma)
· Sağlam sosial münasibətlər qurmaq
· Müntəzəm yuxu
· Balanslı qidalanma
· Müntəzəm fiziki fəaliyyət
Merve T.Doğru mövzu ilə bağlı fikirlərini belə yekunlaşdırır:
“Əgər insanın zehində formalaşan müsbət düşüncələr onu depressiyadan çıxara və zədələnmiş dizin müalicəsini asanlaşdıra bilirsə, bu halda mənfi düşüncələrin də həyatımıza ciddi şəkildə təsir edəcəyi deyilə bilər. Zehin müsbət düşüncələrlə insanın sağlamlığını yaxşılaşdırır. Əks halda, nozebo effekti ilə beyin mənfi düşüncələrlə məşğul olduqda bədən sağlamlığına zərər verə bilər. Nosebo effekti ilə xəstəliklərin müalicəsi və irəliləyişi ciddi şəkildə fərqlənə bilər. Yəni insan zehni narahatlıq və gərginlik içində olduqda, bədənin fiziologiyası da bu hallardan təsirlənir.”
Hörmətli dinləyicilər, gördüyümüz kimi, zehnimiz inanılmaz dərəcədə güclü və möcüzəvi bir mexanizmaya sahibdir. O, bizi həm sağalda, həm də xəstələndirə bilər. Seçim isə bizimdir.
Buna görə də düşüncələrimizə hakim olaq və müsbət fikirlər bəsləyək.











