Sosial şəbəkələrin uşaqlara vurduğu zərərlər
PUBLİSİSTİK YAZILAR
5 dəqiqə oxuma
Sosial şəbəkələrin uşaqlara vurduğu zərərlərTürkiyə dövləti sosial şəbəkələrlə bağlı hərəkətə keçib
Sosial şəbəkələrin uşaqlara vurduğu zərər

Hörmətli oxuyucularımız, bügünkü məqaləmiz uşaqların rəqəmsal dünyada qarşılaşdıqları təhlükələr və bu problemin məsuliyyətinin kimin üzərinə düşdüyü haqqındadır.

Dünya miqyasında hökumətlər uşaqların sosial şəbəkələrdən istifadəsini tənzimləməyə çalışır. Çünki artıq bu məsələdə məsuliyyət valideynlərdən rəqəmsal platformalara keçib.

Avstraliyadan Böyük Britaniyaya, Norveçdən Türkiyəyə qədər bir çox ölkə ortaq məxrəcdə birləşib: uşaqların sosial şəbəkələrdən istifadəsi nəticəsində yaranan zərərlərin qarşısını sadəcə valideyn nəzarəti ilə almaq qeyri-mümkündür.

Məsuliyyət onlayn məkanları layihələndirən, idarə edən və bunlardan qazanç əldə edən rəqəmsal platformalarla paylaşılmalıdır.

 

Dizayn manipulyasiyası

Uşaqlar sosial şəbəkələrdən sadəcə istifadə etmirlər; platformalar onları davamlı olaraq yönləndirir, həvəsləndirir və orada saxlamağa çalışır. Sonsuz sürüşdürmə, alqoritmik məsləhət vermələr və mükafatlandırmalar qəsdən diqqətlərini ora cəmləmələri üçün layihələndirilib. Valideynlərin bu trilyon dollarlıq nəhəng mexanizmlərlə təkbaşına mübarizə aparmasını gözləmək nə realdır, nə də ədalətli.

Aparılan tədqiqatlat sosial şəbəkələrdən həddindən artıq istifadənin uşaqlarda təşviş, depressiya, yuxu problemləri, diqqət əskikliyi və qidalanma pozuntuları yarandığını ortaya qoyub.

 

“Nəzarət kapitalizmi” və “Teknofeodalizm” anlayışları

Şoşana Zuboffun “nəzarət kapitalizmi” konsepsiyasına görə, sosial şəbəkə platformaları istifadəçi davranışlarını toplayır, növbəti addımları təxmin edir və sonra da bunları hədəfli reklamlar vasitəsilə pula çevirir.

Bu sistemdə uşaqlar sadəcə müdafiəsiz istifadəçilər deyil, həm də çox qiymətli məlumat subyektləridir. Alqoritmlər təkcə uşaqların nəyi sevdiyini öyrənmir, eyni zamanda gələcəkdə nəyi arzulayacaqlarını da formalaşdırır.

Bu səbəbdən mövcud qaydalar getdikcə uşaqlardan məlumatların toplanmasına məhdudiyyətlər qoymağı, hədəfli reklamları qadağan etməyi, tövsiyə sistemlərinə şəffaflıq gətirməyi və sosial şəbəkələrdən istifadəni maksimum dərəcəyə çatdıran dizaynları qadağan etməyi hədəfləyir.

Yanis Varufakisın “teknofeodalizm” teoriyası isə güc asimmetriyasından bəhs edir. Rəqəmsal platformalar feodal mülklərə bənzəyir. İstifadəçilər bu sahələrin sahibi deyillər, sadəcə platforma sahibləri tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində şərti giriş hüququna malikdirlər.

Uşaqların sosial qarşılıqlı əlaqələri və təhsil təcrübələri demokratik nəzarət əvəzinə alqoritmlər tərəfindən idarə olunur. Valideynlərin təsiri isə davamlı olaraq aktiv olan, görünməyən və güclü alqoritmlərlə rəqabət aparmaqda çətinlik çəkir.

Bəs dünya üzrə bu vəziyyətə necə reaksiya verilir?

Avstraliya 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan edib. Əgər platformalar yaş təsdiqini həyata keçirməsə, 32 milyon dollara qədər cərimə olunacağı bildirilir. Böyük Britaniyada isə "Ofcom" şirkətlərin qlobal dövriyyələrini 10 %-nə qədər cərimə etmə haqqına malikdir. Avropa Parlamenti də16 yaş həddi müəyyən edib.

Buna görə də Fransa 15 yaşından kiçiklər üçün tam qadağanı müzakirə edir, İspaniya isə 16 yaşından aşağı şəxslər üçün valideyn icazəsi tələb edir.

Məsələylə bağlı ən sərt nəzarət tədbirlərini isə Çin tətbiq edir. Belə ki, 14 yaşından kiçiklər üçün gündəlik 40 dəqiqəlik ekran vaxtı və saat 22:00-dan  səhər 6:00-dək rəqəmsal platformalara giriş qadağası var.

Bildirilir ki, "TikTok" Çində "Douyin" adlı ayrıca bir versiya ilə fəaliyyət göstərir və bu platform daha çox təhsil məzmunlarına diqqət yetirir.

Fransa Prezidenti Makron açıq şəkildə bildirdi ki, Çin "TikTok" vasitəsilə dünya miqyasında uşaqların zehni bacarıqlarını zəiflətdiyi halda, öz uşaqlarına "Douyin" platforması vasitəsilə daha nizam-intizamlı və maarifləndirici məzmunlar təqdim edir.

Bu fərq olduqca təəccüblüdür. Bu, sosial şəbəkə platformalarının təkcə kommersiya deyil, həm də ölkələrin yumşaq güc vasitələri olduğunu göstərir. Dövlətlər artıq rəqəmsal platformaları sadəcə azad ticarət aktorları kimi deyil, strateji infrastruktur obyektləri olaraq qiymətəndirirlər.

 

Böyük texnologiya şirkətləri və etik manipulyasiya

Böyük texnologiya şirkətləri onlardan tələb olunan bu tədbirləri tətbiq etsələr də, ümumilikdə bu növ məhdudiyyətlərə qarşı çıxmaqda davam edirlər.

Qadağa qüvvəyə mindikdən sonra Avstraliyanın Baş naziri Entoni Albaneze 16 yaşından kiçik istifadəçilərə məxsus 4 milyon 700 mindən çox sosial şəbəkə hesabının dondurulduğunu, silindiyini və ya məhdudlaşdırıldığını bildirib.

Nəhəng texnologiya şirkətlərinin nümayəndələri iddia edirlər ki, yaşın təsdiqlənməsi texnologiyaların gizliliyini təhdid edir və uşaq hüquqlarını pozur. Lakin bu etirazlar çox vaxt daha dərin bir narahatlığı gizlədir: pulsuz məlumat və məzmun istehsal edən olduqca qazançlı istifadəçi bazasını itirmək riski.

"Meta"nın baş direktoru Mark Zukerberq "Instagram"ın rəhbəri Adam Mosseri və "Snapchat"ın baş direktoru Evan Şpigel az yaşlı istifadəçilərə zərər vurduğuna dair sübutlar olmasıyla bağlı asılılıq yaradan məhsullar hazırlamaq ittihamı ilə açılan məhkəmə işlərində mühakimə olunacaqlar.

Qeyd edək ki, şirkətlərin etik normalar və təhlükəsizliklə bağlı könüllü öhdəlikləri getdikcə sadə bir gözdən pərdə asmağa bənzəyir. Çünki onlar öz qazanç formalarını dəyişmək istəmir, sadəcə məsuliyyəti başqalarının üzərinə atmağa çalışırlar.

 

Türkiyə dövlətinin aldığı tədbir

Türkiyədə uşaqların rəqəmsal platformaların istifadəsi ilə bağlı müzakirələr yerli həssaslıqları əks etdirməklə yanaşı, qlobal tənzimləmə mexanizması ilə uyğunluq göstərir.

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqlarını Araşdırma Komissiyasının uşaq hüquqları alt komitəsi tərəfindən hazırlanan “Rəqəmsal məkanlarda uşaqlarımızı gözləyən təhdidlər və risklər” başlıqlı hesabat layihəsi bu yanaşmanın çərçivəsini müəyyən edir.

Hesabatda 18 yaşından balacalar üçün gecə saatlarında giriş məhdudiyyətləri, 15 yaşından kiçiklər üçün sosial şəbəkə qadağası, məktəb mühitində rəqəmsal cihazlara məhdudiyyətlərin qoyulması, məsləhət xidmətlərinin gücləndirilməsi və uşaqlar üçün xüsusi SİM kart müraciətləri kimi təkliflər yer alır.

Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş 15 yaşından kiçik uşaqları əhatə edən sosial şəbəkə tənzimləməsi üçün qanun layihəsinin tezliklə Parlamentə təqdim ediləcəyini açıqlayıb.

Tənzimləmənin əsaslandırılması qismində artan depressiya, təşviş, davranış pozuntuları və rəqəmsal platformalar vasitəsilə cinayət şəbəkələri ilə təmas qurma riski göstərilir.

Nazir M.Ö.Göktaş uşaqların bundan sonra sosial şəbəkə platformaları tərəfindən kommersiya qaynağı və ya məlumat hovuzu kimi görülməyəcəyini vurğulayıb. O, bu tədbirlərin ifadə azadlığına müdaxilə kimi deyil, uşaqları rəqəmsal dünyadakı risklərdən qorumağı hədəfləyən bir dövlət siyasəti olduğunu bildirib.

Uşaqlarla bərabər rəqəmsal dünyada yetkin şəxslər də zərər görən qruplar arasındadırlar. Xüsusilə texnologiyadan istifadə vərdişi olmayan yetkinlər və yaşlı nəslin nümayəndələri yanlış məlumatlar, mübahisələrə cəlb olunma və internetin yönləndirmələri ilə edilən manipulyasiyalara qarşı daha müdafiəsiz vəziyyətədirlər.

Buna görə də, sosial platformaların istifadəsində tənzimlənmə mexanizması sadəcə pedaqoji baxımdan uşaqların qorunması tədbiri deyil. Bu, həm də rəqəmsallaşmış ictimaiyyəti yanlış məlumatlardan qorumaq, demokratik prosesləri alqoritmlərin yönləndirməsindən asılı olmayan vəziyyətə gətirmək və ictimai birliyi qorumaq üçün aparılan bir mübarizə növüdür.

Nəticə etibarilə deyə bilərik ki, əgər bu rəqəmsal mühiti şirkətlər özləri qurursa, alqoritmləri özləri idarə edirsə və insanların diqqəti üzərindən milyonlar qazanırsa, bütün günahı təkcə istifadəçilərin və ya ailələrin üzərinə ata bilməzlər. Buna görə də, məsələylə bağlı məsuliyyət bölüşdürülməli və ictimai nəzarət altına alınmalıdır. Çünki rəqəmsal dünyada uşaqlarımızın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir.

MƏNBƏ:TRT