Konqo Demokratik Respublikasının cənub-qərbində baş verən təyyarə qəzasında, aralarında iki ordu generalı və bir körpənin də olduğu 17 nəfər həlak olub.
Kvanqo əyalətinin mərkəzi Kinci şəhərində sentyabrın 25-də baş verən qəza ilə bağlı açıqlama verən qubernator müavini Remi Saki daha əvvəl 13 olaraq açıqlanan ölənlərin sayını yeniləyib.
R.Saki "İlk olaraq bildirilən 13 ölümün əksinə, 16 yetişkin və bir körpənin meyitini aşkar etdik. Beləliklə, ümumi sayı 17-yə yüksəldi", — deyə bildirib.
R.Saki "Tracep" şirkətinə məxsus kiçik təyyarənin saat 13:50-də Kinşasaya getmək üçün Kikvet hava limanından havalandığını qeyd edib. Təyyarə təxminən 15 dəqiqə sonra təcili qəza enişi edərək alovlanıb.
R.Saki yanğının nəzarət altına alınmasından sonra ölənlərin sayının dəqiqləşdiyini ifadə edib.
Qəzada həlak olanlardan ikisinin Konqo Ali Hərbi Məhkəmənin birinci sədri general-leytenant Yozef Mutombo və ordunun Baş prokuroru general-leytenant Lusyen-Rene Likuliya olduğu açıqlanıb.
Konqo Prezident Administrasiyası tərəfindən "X" sosial şəbəkəsində edilən açıqlamada ölkə başçısı Feliks Tşisekedinin qəza şəraitini və səbəbini müəyyən etmək üçün hərtərəfli təhqiqat başladılması barədə tapşırıq verdiyi bildirilib.
Bəyanatda, həmçinin Prezidentin həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün təhlükəsizlik qüvvələrinə dərin hüznlə başsağlığı verdiyi qeyd olunub.























