SİYASƏT
2 dəqiqə oxuma
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Pezeşkian "Müharibəyə son qoyub-qoymamaq barədə seçim etməli olan tərəf ABŞ-dir" deyib
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Məsud Pezeşkiyan BMT-nin 81-ci Baş Assambleyasının açılış həftəsi iclasları çərçivəsində olduğu Nyu-Yorkda "Fox News"un suallarını cavablandırıb.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə müharibə aparmaq tərəfdarı olmadığını və danışıqlara əsaslanan razılaşma əldə etmək mövzusunda hazır olduqlarını qeyd edib.

Məsud Pezeşkian BMT-nin 81-ci Baş Assambleyasının açılış həftəsi iclasları çərçivəsində səfərdə olduğu Nyu-Yorkda "Fox News" telekanalının suallarını cavablandırıb.

İranın müharibəni, yoxsa bir razılaşmanı üstün tutduğu soruşulduqda Pezeşkian: "Biz müharibəni seçmirik, müharibə bizə məcburən qəbul etdirildi, müharibə axtarışında deyilik" ifadələrini işlədib.

Pezeşkian Hörmüz boğazındakı fikir ayrılıqları səbəbindən iflasa uğrayan, lakin əvvəlində 60 gün ərzində yekun sülh sazişinin bağlanmasını nəzərdə tutan iyun ayı anlaşmasına istinad edərək, Tehranın Vaşinqton ilə bir razılaşma istiqamətində irəliləməyə həvəsli olduğunu vurğulayıb.

İki ölkə arasında gərginlik davam edərkən mülayim bəyanatlarla çıxış edən İran Prezidenti: "Prezidentinizlə (Donald Tramp) bir razılığa gəlmişdik. Buna əsaslanaraq irəliləməyə hazırıq və hələ də bunu arzulayırıq" deyə əlavə edib.

Məsud Pezeşkian fevralın 28-dən bəri davam edən müharibəyə son qoyub-qoymamaq barədə seçim etməli olan tərəfin ABŞ olduğunu bildirib.

İranın beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) çərçivəsindəki öhdəliklərinə əməl edəcəyini qeyd edən Pezeşkian Yəməndəki husilərlə bağlı məsələdə isə "Husilər öz əməllərinə görə məsuliyyət daşıyırlar. Onlar bizdən təlimat almırlar" deyib.

Pezeşkian sağ olub-olmadığı maraq doğuran İran lideri Müctəba Xamenei ilə təxminən bir ay əvvəl "şəxsən" görüşdüyünü və yeddi saata yaxın vaxt keçirdiyini, səhhətinin "tamamilə yaxşı" olduğunu diqqətə çatdırıb.