Dünya miqyasında ölüm səbəblərinə nəzər saldıqda, ürək-damar xəstəliklərindən sonra ikinci yerdə xərçəng xəstəliyi dayanır. Hər il minlərlə insan bu xəstəlik səbəbindən həyatını itirir. Üstəlik, ümumi mənzərə getdikcə ağırlaşır. Xərçəngə yoluxanların sayı hər ötən il daha da artır.
Beynəlxalq araşdırmalar hələ bu artımın davam edəcəyini göstərir. Mövcud məlumatlara görə, 2050-ci ilə qədər dünya miqyasında 30 milyondan çox yeni xərçəng halının aşkarlanacağı proqnozlaşdırılır. Xərçəng səbəbindən həyatını itirənlərin sayının isə 18 milyonu ötəcəyi gözlənilir.
Türkiyədə də vəziyyət fərqli deyil. Ölkədə hər beş ölümdən birinin səbəbi məhz xərçəngdir. Tibb sahəsindəki nailiyyətlər sayəsində xərçəngin müalicəsində mühüm irəliləyişlər əldə olunub. Lakin mütəxəssislərin fikrincə, əsas kritik məqam bu xəstəliyə heç yoluxmamaqdır. Başqa sözlə desək, xəstəliyə səbəb ola biləcek potensial risklərdən uzaq durmaq lazımdır.
Bəs xərçəngdən qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır? Cerrahpaşa Tibb Fakültəsinin Daxili xəstəliklər, tibbi onkologiya və şiş immunologiyası mütəxəssisi, professor Nebi Serkan Demirçi hamını maraqlandıran sualları "TRT Haber" telekanalının əməkdaşı Minə Yağcı Çiftçiyə cavablandırıb.
Siqaret və alkoqol içkilərdən uzaq durmaq lazımdır
Xərçəng xəstəliklərinin təxminən üçdə birinin qarşısı alına bilən səbəblərdən qaynaqlandığını vurğulayan professor Nebi Serkan Demirçi reportaja tütün məmulatlarından başlayaraq deyir: "Bunlardan uzaq durmaq, elə xərçəngin bir çox növündən qorunmaq deməkdir. Siqaret və tütün məmulatları təkcə ağciyər xərçənginə səbəb olmur. Ağciyər xərçəngi ən çox rast gəlinən növ olduğu üçün daha çox diqqət mərkəzindədir. Halbuki bir çox xərçəng növünün əsas səbəbi məhz siqaret və tütün məmulatlarıdır".
Piylənmə və hərəkətsiz həyat tərzinin də xərçəng riskini ciddi şəkildə artırdığına diqqət çəkən professor Nebi Serkan Demirçi sözlərinə belə davam edir: "Buna görə də sağlam qidalanmaq mütləqdir. Fiziki aktivliklə məşğul olmaq lazımdır. Fiziki aktivlik dedikdə evdə gəzişmək və ya adi addımlarla yürümək nəzərdə tutulmur. Həftədə 3 gün, 20 dəqiqədən 40 dəqiqəyə qədər templi yürümək, aktiv hərəkət etmək lazımdır".
Alkoqol qəbulu da xərçəng riskini artıran başlıca amillər sırasındadır. Professor Nebi Serkan Demirçi bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən deyir: "Həddindən artıq alkoqol qəbulu döş, qaraciyər və həzm sistemi xərçəngi başda olmaqla, bir çox xəstəliyin birbaşa səbəbidir".
Emal olunmuş qidalara diqqət yetirilməlidir
Emal olunmuş qidaların da xərçəng riskini artırdığını qeyd edən professor Nebi Serkan Demirçi deyir: "Sucuq, kolbasa, sosiska kimi emal olunmuş ət məhsulları da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən əsas kanserogenlər sırasına daxil edilib. Çünki bu növ qidalar xüsusilə yemək borusu və mədə xərçəngi başda olmaqla, bütün həzm sistemində xərçəng riskini ciddi dərəcədə artırır".
Professor Nebi Serkan Demirçi günəş şüalarının da xüsusilə yay aylarında dəri xərçəngi baxımından risk yaratdığını xatırladıb. O, günəş şüalarının ən dik düşdüyü saatlarda uzun müddət günəş altında qalmamağın vacibliyini vurğulayır.
Vaxtında qoyulan diaqnoz həyat xilas edir
Gündəlik həyatda alınacaq tədbirlərlə yanaşı, müntəzəm həkim müayinələrin də xəstəliklə mübarizədə büyük əhəmiyyət daşıdığını bildirən professor Nəbi Sərkan Dəmirçi xüsusilə risk qrupunda olan şəxslərin ümumi yoxlanışlarını təxirə salmamalı olduqlarını qeyd edir.
Türkiyədə döş, yoğun bağırsaq və uşaqlıq boynu xərçənginə qarşı ümumi yoxlanışlarının geniş yayıldığını xatırladan mütəxəssis sözlərinə belə davam edir: "Xərçəngin Erkən Diaqnostikası, Skrininqi və Təlim Mərkəzləri (KETEM) ölkəmizin demək olar ki, hər bir şəhərində fəaliyyət göstərir. Bu mərkəzlərə müraciət etmək lazımdır. Müraciət etdiyimiz zaman tətbiq olunan ümumi yoxlanış üsulları ilə xərçəngi çox erkən mərhələdə aşkarlamaq mümkündür. “Vaxtında qoyulan diaqnoz həyat xilas edir” şüarı tamamilə həqiqəti əks etdirir. Çünki xəstələrimizin sağ qalma ehtimalı bizə müraciət etdikləri zaman xəstəliyin hansı mərhələdə olmasından birbaşa asılıdır".
Bəs kimlər, hansı xərçəng növlərinə görə və nə qədər vaxtdan müayinədən keçməlidir? Professor Nebi Serkan Demirçinin bu suala verdiyi cavab hər kəs üçün ciddi bir xəbərdarlıq xarakteri daşıyır:
"Qadınlarda 40 yaşdan yuxarı dövrlərdə ildə və ya iki ildən bir mamoqrafiya müayinəsi aparılmalıdır. Mamoqrafiya tibb praktikasında xərçəng mənşəli ölüm hallarını azaldan və vaxtında diaqnoz qoymağa imkan verən ən mühüm profilaktik müayinə testidir. Uşaqlıq boynu xərçəngi də ginekoloqa müraciət etməklə yoxlanıla bilən bir sahədir.
Yoğun bağırsaq xərçəngi üçün isə 50 yaşdan sonra hər 10 ildə bir dəfə kolonoskopiya, yəni bütün yoğun bağırsağın müayinə olunması kifayətdir. Yaxud da hər 5 ildə bir dəfə yoğun bağırsağın ilkin hissəsi olan siqmoid bağırsağa qədər baxılması yetərlidir. Bu yaş qrupunda müntəzəm olaraq nəcisdə gizli qan analizi də aparıla bilər".
Erkən mərhələdə müalicə şansı daha yüksəkdir
Xərçəng müalicəsində xüsusilə son illərdə mühüm irəliləyişlərin qeydə alındığını bildirən professor Nebi Serkan Demirçi erkən mərhələlərdə uğurlu göstəricilərinin xeyli yüksəldiyini vurğulayır: "2010-cu ildə ağır mərhələdə olan ağciyər xərçənginin 5-ci ilinin sonunda xəstələrin ancaq 4 faizi sağ qalırdı. Bu gün isə immunoterapiya sayəsində müəyyən xəstə qrupunda bu göstərici 30-35 faizə qədər yüksəlib. Yəni hər 3 xəstədən biri 5 ildən daha uzun müddət yaşaya bilir".
Bitki mənşəli məhsullar müalicəyə mənfi təsir göstərə bilər
Xərçəng müalicəsi uzun və çətin bir prosesdir. Bu müddətdə bəzi xəstələr bitki mənşəli məhsullara üz tuturlar. Lakin bu hal, zənn edilənin əksinə olaraq, müalicə prosesinə zərər vura bilər. Professor Nebi Serkan Demirçi bu məsələni belə izah edir: "Xərçəng diaqnozu qoyulan bir çox xəstəmiz xoş niyyətlə bitki mənşəli məhsullardan istifadə etməyə başlayır. Lakin təbii olan hər şey insan sağlamlığı üçün faydalı deyil. Bunun ən bariz nümunəsi isə sudur. Suyun miqdarını normadan çox artırsanız, su zəhirlənməsi baş verər və bu, insanı öldürə bilər. Sırf buna görə də bir vasitənin təbii olması, onun mütləq şəkildə insan sağlamlığına fayda verəcəyi mənasına gəlmir".
Bitki mənşəli məhsulların xərçəngi müalicə etdiyini sübut edən güclü elmi sübutların olmadığını vurğulayan professor Nebi Serkan Demirçi bəzi vasitələrin yalnız müalicə ilə bağlı əlavə təsirləri yüngülləşdirə bildiyini qeyd edir. Əsl risk isə bu məhsulların həkimlə məsləhətləşmədən istifadə edilməsi zamanı ortaya çıxır. Professor Nebi Serkan Demirçi deyir: "Əgər xəstələrimizin həyat keyfiyyətini artıracaqsa, onlara fayda verə biləcək hər növ məhsulun istifadəsinə müsbət yanaşırıq. Təbii ki, təhlükəsiz və elmi cəhətdən əsaslandırılmış olmaq şərtilə".
Nəzarətsiz şəkildə istifadə edilən bitki mənşəli məhsulların ciddi fəsadlara yol aça biləcəyini ifadə edən professor Nebi Serkan Demirçi bunun müalicə prosesinə də mənfi təsir göstərə biləcəyinə diqqət çəkərək sözlərini belə tamamlayır: "Bu vasitələr bizim normal qaydada qəbul etməli olduğumuz preparatların təsirinə mane ola bilər. Həmçinin bəzi bitki mənşəli məhsullurlar immun sistemini zəiflədir. Halbuki biz müasir müalicə üsullarımızda immunoterapiyadan istifadə edirik. İmmunoterapiya vasitələri immun sistemini gücləndirərək xərçəng hüceyrələri ilə mübarizə aparmağımızı təmin edən dərmanlardır. Əgər siz bitki mənşəli məhsullarla immun sisteminizi zəiflətsəniz, həmin dərmanların effektivliyi, təəssüf ki, aşağı düşəcək".
Xərçəngdən qorunmağın yolları var və bu üsullar olduqca aydındır. Sağlam həyat tərzi, müntəzəm müayinələr və şüurlu davranışlar həyat xilas edir. Unutmayın, vaxtında qoyulan diaqnoz çox vacibdir!






















