SİYASƏT
2 dəqiqə oxuma
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Pakistanın Xarici işlər naziri İshaq Dar İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclasında beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Pakistandan regional "etimad və inam" çağırışı / AP (Wire)

Avrasiya blokunu əhatə edən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclası noyabrın 15-də Pakistanın paytaxtı İslamabadda start götürüb. Tədbirdə çıxış edən Pakistanın xarici işlər naziri İshaq Dar noyabrın 16-da verdiyi açıqlamada regional əlaqələri inkişaf etdirmək naminə dövlətlər arasında "etimad və inam" mühitinin əhəmiyyətini xüsusi qeyd edib.

Toplantıda üzv dövlətlərin regional əməkdaşlığı irəli aparmağa yönəlmiş ortaq prioritetlərini və öhdəliklərini əks etdirəcəyi gözlənilən "İslamabad Bəyannaməsi"nin layihəsi də hazırlanır.

30-cu dəfə keçirilən iclasda 10 üzv dövlətin xarici işlər nazirləri və nümayəndə heyətlərinin rəhbərləri iştirak edirlər. Tədbirə həmçinin İƏT Katibliyinin və təşkilata bağlı qurumların təmsilçiləri də qatılıblar.

İclasda çıxış edən İshaq Dar deyib: "Regional əlaqələr bizi bir-birimizə bağlayan marşrutlardan daha artığına əsaslanır. Bu, dövlətlər arasındakı etimada və beynəlxalq öhdəliklərin yerinə yetiriləcəyinə dair inama əsaslanır. Həll olunmamış mübahisələr və beynəlxalq öhdəliklərin icra edilməməsi bu etimada zərbə vura və iqtisadi inkişafa mane ola bilər".

Regional iqtisadi tərəfdaşlıqların davamlılığı üçün təhlükəsiz və sabit mühitin zəruriliyini vurğulayan nazir bu məsələlərin rəsmi İslamabadın daha genişmiqyaslı münasibətlər gündəliyinin mərkəzində qalmaqda davam etdiyini bildirib.

İshaq Dar beynəlxalq hüquqa və müqavilələrə hörmətlə yanaşılmasını ölkələr arasında davamlı iqtisadi tərəfdaşlıqlar qurmaq üçün "əsas şərt" kimi qiymətləndirib.

Pakistanın son illərdə münasibətlərinin pisləşdiyi qonşusu Əfqanıstan məsələsinə toxunan nazir rəsmi İslamabadın "sülhsevər, firavan və sabit bir Əfqanıstan" arzuladığını ifadə edib.

Bununla yanaşı, İshaq Dar əlavə edib ki, regional əməkdaşlıq yolunda "əhəmiyyətli" irəliləyiş əldə olunması üçün Əfqanıstan rəsmiləri başda terror təhdidi olmaqla qonşu ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarını aradan qaldırmalıdırlar.

MƏNBƏ:TRT