Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Çin ilə təxminən 15 milyard dollarlıq investisiya nəzərdə tutan əməkdaşlıq çərçivəsində ümumilikdə 7 min meqavatlıq günəş və külək elektrik stansiyaları, yeni enerji saxlama sistemləri və 4 min meqavatlıq elektrik ötürücü infrastrukturunu həyata keçirməyi hədəflədiklərini bildirib.
A.Bayraktar "X" sosial media platformasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası ilə imzalanmış anlaşma memorandumuna dair paylaşım edib.
Nazir Bayraktar paylaşımında deyib: "COP31-də Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası ilə 'Bərpa Olunan Enerji Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu' imzalandı. Ölkəmizə təxminən 15 milyard dollarlıq nəhəng investisiya qoyuluşunu nəzərdə tutan bu sazişlə ümumilikdə 7 min meqavatlıq günəş və külək elektrik stansiyalarını, yeni enerji saxlama sistemlərini və 4 min meqavatlıq elektrik ötürücü infrastrukturunu reallaşdırmağı hədəfləyirik".
Sözügedən əməkdaşlığın bərpa olunan enerji gücünün artırılması ilə yanaşı, texnologiya transferinə də töhfə verəcəyini qeyd edən Bayraktar bunları deyib: "Həmin əməkdaşlıq təkcə bərpa olunan enerji gücümüzü artırmaqla kifayətlənməyəcək, eyni zamanda texnologiya transferini təmin edərək külək turbini avadanlıqlarının ölkəmizdə istehsalına və yerli sənayemizin inkişafına da çox güclü töhfə verəcək. 'Milli Enerji 2040' baxışımıza uyğun olaraq, enerji təchizatı təhlükəsizliyimizi möhkəmləndirəcək və yaşıl transformasiyamızı sürətləndirəcək bu tarixi imzanın ölkələrimiz üçün xeyirli olmasını arzulayıram".























