DÜNYA
2 dəqiqə oxuma
Rusiya və Ukrayna ötən gecə həyata keçirilən hücumlara görə bir-birini ittiham edib
Ukraynanın Zaporojye vilayətində ən azı 29 nəfər həlak olub, Xarkovda isə onlarla insan yaralanıb
Rusiya və Ukrayna ötən gecə həyata keçirilən hücumlara görə bir-birini ittiham edib
Rusiya və Ukrayna ötən gecə həyata keçirilən hücumlara görə bir-birini ittiham edib / TRT Azerbaycan

Rusiya və Ukrayna noyabrın 10-da gecə radələrində baş verən hücumlara görə bir-birlərini ittiham ediblər. Yerli atəşkəsin başa çatmasından sonra yenidən alovlanan toqquşmalar təxminən beş ildir davam edən müharibədə sülh ümidlərinə zərbə vurub.

Rusiya hücumlarının Ukraynanın cənub-şərqindəki Zaporojye vilayətində ən azı 29 nəfərin ölümünə səbəb olduğu, ölkə daxilində isə onlarla insanın yaralandığı, bir tibb müəssisəsindəki xəstələrin təxliyə edilmək məcburiyyətində qaldığı və ballistik raket xəbərdarlıqlarının işə düşdüyü bildirilib.

Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov Moskvanı “humanitar yardım almağa gəlmiş insanlara hücum etməkdə” ittiham edib. Qubernator vəzifəsini icra edən Mixaylo Semikin isə ölənlər arasında iki xilasedici və dörd polis əməkdaşının olduğunu bildirib.

Şimal-şərqdəki Xarkov şəhərində vilayət qubernatoru Oleq Sinequbov tibb müəssisəsinə endirilən Rusiyanın zərbəsi nəticəsində 62-dən çox insanın yaralandığını açıqlayıb. Ümumilikdə 226 xəstə təxliyə edilərkən, binalara, pəncərələrə və 10 nəqliyyat vasitəsinə ziyan dəyib.

Ukrayna Xarkov, Kiyev, Dnepr və Sumı istiqamətində ballistik raketlərin atıldığı barədə xəbərdarlıq edib. Dnepropetrovsk qubernatoru Oleksandr Hanja Dneprdə və Prezident Volodimir Zelenskinin doğma şəhəri Krivoy Roqda kritik infrastrukturun vurulduğunu, beş nəfərin yaralandığını və onlardan ikisinin vəziyyətinin ağır olduğunu deyib.

Moskva meri Sergey Sobyanin paytaxt bölgəsinə yönələn təxminən 500 PUA-nın Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə 14 vilayət, Qara dəniz və işğal altındakı Krım üzərində 856 Ukrayna PUA-sının zərərsizləşdirildiyini iddia edib.

Rusiyanın Yaroslavl vilayətində qubernator Mixail Yevrayev Ukrayna PUA-larının neft emalı zavodunu hədəf alması nəticəsində zavodun iki əməkdaşının qəlpə yarası aldığını bildirib. Yevrayev 124 PUA-nın zərərsizləşdirildiyini, düşən qalıqların evlərə, binalara və avtomobillərə ziyan vurduğunu qeyd edib.

Rusiya Müdafiə Nazirliyi Vinnitsa, Dnepropetrovsk və Xarkov vilayətlərindəki Ukrayna enerji obyektlərinə və Odessadakı liman infrastrukturuna qarşı “kütləvi” gecə hücumları həyata keçirildiyini açıqlayıb.

Atəşkəs başa çatıb, diplomatik səylər davam edir

Hücumlar Ukraynanın cənubunda nadir müşahidə olunan sakitlik dövrünün ardınca baş verib Noyabrın 15-də başa çatan bu atəşkəs Rusiyanın 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibəsindən bəri qeydə alınan ən uzunmüddətli fasilə olub və Rusiyanın işğalı altındakı Oleşki şəhərinə humanitar missiyanın həyata keçirilməsinə imkan yaradıb.

Atəşkəsin bitməsindən bir neçə saat sonra Rusiyanın Zaporojyedə bir kəndi hədəf aldığı bildirilib. Ukrayna Moskvanın atəşkəsi uzatmaq təklifini rədd etdiyini və Rusiya qüvvələrinin mövqelərini möhkəmləndirmək üçün bu fasilədən istifadə etdiyini iddia edib.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi atəşkəs müddəti zamanı özlərinə gəlmək üçün istifadə etməyin “tamamilə normal praktika” olduğunu deyərək Ukrayna ordusunun da keçmişdə eyni addımı atdığını əlavə edib. Peskov Oleşki missiyasını uğurlu olaraq dəyərləndirib və tərəflər arasındakı əməkdaşlığı tərifləyib, lakin “hazırda” oxşar missiyaların planlaşdırılmadığını bildirib.