İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki supertankerin qəzaya uğradığını və qəzadan sonra tankerlərdə partlayış baş verdiyini açıqlayıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Komandanlığının İctimaiyyətlə Əlaqələr Şöbəsi Hörmüz boğazında baş verən hadisə ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, noyabrın 11-də gecə radələrində 4 milyon barreldən çox neft daşıyan iki supertanker edilən xəbərdarlıqlara baxmayaraq, Hörmüz boğazını "təhlükəsiz olmayan" marşrutla keçməyə çalışarkən qəzaya uğrayıb və nəticədə tankerlərdə partlayış olub.
Hər iki tankerdə yanğın baş verdiyi qeyd olunan açıqlamada qəzanın səbəbi barədə məlumat verilməyib.
İran ABŞ-nin iyulun 8-də hücumlarını yenidən başlatmasından sonra iyulun 12-də Hörmüz boğazını təkrar hərəkətə bağlamışdı.
Qeyd edək ki, rəsmi Tehran müəyyən etdiyi marşrutdan kənara çıxan və "icazəsiz keçən" gəmiləri hədəf alacağı ilə bağlı xəbərdarlıq etmişdi.























