TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 sammitində çıxış edib
Təbiətə hörmətin mədəniyyətimizin mərkəzində dayandığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Yer kürəsinin müqəddəs bir əmanət olduğunu qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 sammitində çıxış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 sammitində çıxış edib / TRT Azerbaycan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitinin açılış mərasimində çıxış edib.

Təbiətə hörmətin mədəniyyətimizin mərkəzində dayandığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Yer kürəsinin müqəddəs bir əmanət olduğunu qeyd edib. O bildirib ki, enerjidən sənayeyə, nəqliyyatdan kənd təsərrüfatına qədər bütün sahələrdə dekarbonizasiya prosesi aparılır və iqtisadiyyatda yaşıl transformasiyaya üstünlük verilir. İnkişaf hədəfləri və enerji təhlükəsizliyi planlaşdırılarkən ətraf mühit amilləri nəzərə alınır.

R.T. Ərdoğan çıxışında iqlim maliyyəsinə çıxışın asanlaşdırılmasının vacibliyinə toxunaraq, xüsusilə az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin ehtiyaclarının ön plana çıxarılmasını əsas məsuliyyət adlandırıb. Prezident vurğulayıb ki, iqlim maliyyəsi daha əlçatan və proqnozlaşdırılan olmalıdır. O bildirib ki, havanı daha çox çirkləndirən dövlətlər tullantıların azaldılmasında və maliyyə dəstəyində daha çox məsuliyyət daşımalıdırlar.

Türkiyə lideri çıxışında Qəzzada yaşanan humanitar böhrana da diqqət çəkib. Son günlər regiondan ürəkağrıdan xəbərlərin gəldiyini deyən R.T. Ərdoğan bölgədə yağan aramsız yağışların on minlərlə çadırı su altında qoyduğunu bildirib.

R.T. Ərdoğan humanitar köməyin Qəzzaya dərhal çatdırılmasının vacibliyini qeyd edərək təcrid siyasətinə və zülmə son qoyulmasını tələb edib. Prezident çıxışını "Dünya yaşanmaz bir yerə çevrilməzdən əvvəl gələcək nəsillərə qoyacağımız ən dəyərli miras daha təmiz, daha yaşıl və daha ədalətli bir dünya olacaq" sözləri ilə tamamlayıb.