ABŞ-də hava nəqliyyatına nəzarət sistemində yaranan texniki nasazlıqdan iki gün ötməsinə baxmayaraq, uçuşlardakı ləngimələr davam edir. Noyabrın 15-də 8 min 800-dən çox reys gecikib, 2 min 400 reys isə ləğv edilib. Nəqliyyat naziri Şon Daffi uçuşların normal vəziyyətə qayıtmasının bu gün davam edə biləcəyini açıqlayıb.
ABŞ miqyasında noyabrın 12-də hava nəqliyyatına nəzarət sistemində baş verən nasazlığın təsirləri hələ də davam edir. Ölkə miqyasında uçuşların dayandırılmasına səbəb olan texniki problem həftəsonu boyunca hava limanlarında sıxlığa və minlərlə reysin axsamasına gətirib çıxarıb.
Uçuşların izlənməsi platforması "FlightAware"in məlumatlarına görə, bazar günü 8 min 800-dən çox reys gecikib, 2 min 400 uçuş isə ləğv olunub. Noyabrın 14-də isə 5 min 900-dən artıq reys ləğv edilmiş, 7 mindən çox uçuş gecikib.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi təyyarələrin və uçuş heyətlərinin fərqli məntəqələrdə qalması səbəbindən əməliyyatların normal axara düşməsinin vaxt aparacağını bildirib. Daffi sistemdəki nasazlıqların bazar ertəsinə qədər davam edə biləcəyini qeyd edib.
İlkin məlumatlara əsasən, nasazlığın Arkanzas ştatının El-Dorado şəhərində quraşdırılan və mis kabellərin fiber-optik infrastrukturla əvəzlənməsi çərçivəsində istifadəyə verilən kompüter marşrutlaşdırıcısından (router) qaynaqlandığı ehtimal edilir. Xətalı siqnallar ötürərək şəbəkəyə təsir edən cihazın yaratdığı problemdən sonra noyabrın 13-də yerli vaxtla saat 15:54-də ABŞ-dən havaya qalxması planlaşdırılan bütün təyyarələr üçün uçuşların dayandırılması barədə qərar verilmişdi.
ABŞ Prezidenti Donald Tramp isə hava nəqliyyatına nəzarət sisteminin modernləşdirilməsi üçün Konqresə daha çox vəsait ayırmaq çağırışı edib. Mütəxəssislər onilliklər ərzində yetərincə sərmayə qoyulmayan ABŞ hava nəqliyyatına nəzarət infrastrukturunun əsaslı şəkildə yenilənməsinin zəruri olduğuna diqqət çəkirlər.























