SİYASƏT
2 dəqiqə oxuma
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
Qalibaf: "ABŞ daha bir səhvə yol verərsə, gələcək hər hansı münaqişənin coğrafi miqyasını Vaşinqton deyil, İran müəyyən edəcək"
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
İran Parlamentinin sədri və baş müzakirəçi Məhəmməd Baqir Qalibaf / TRT Azerbaycan

İran Parlamentinin sədri və baş müzakirəçi Məhəmməd Baqir Qalibaf ölkəsinin "nə müharibə, nə sülh" vəziyyətində qalmayacağını bildirərək, Tehranın ABŞ ilə həm danışıqlara, həm də müharibəyə hazır olduğu barədə xəbərdarlıq edib.

İSNA xəbər agentliyinin məlumatına görə, Qalibaf noyabrın 15-də onlayn keçirilən parlament iclasının açılış hissəsində etdiyi çıxışında "Amerikalılar yeddi ağlabatan şərtimizi qəbul edərlərsə, razılaşma əldə etmək yolu açıq qalacaq" deyib.

Qalibaf xəbərdarlıq edərək bildirib: "Lakin amerikalılar bu dəfə də növbəti bir səhvə yol verərlərsə, döyüş meydanının coğrafi miqyasını onların istək və ya niyyətləri deyil, İran Silahlı Qüvvələrinin imkanları və qətiyyəti müəyyənləşdirəcək".

O, sözügedən yeddi şərtin nədən ibarət olduğuna və ya İranın hansı razılaşmanı məqbul hesab edəcəyinə dair təfərrüatları açıqlamayıb.

Daha əvvəl yayılan xəbərlərə əsasən, İranın yeddi şərti sırasına ABŞ-nin dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazından keçən ticarət gəmiləri və neft tankerləri üçün təhlükəsiz keçid təminatının verilməsi, birtərəfli sanksiyaların ləğvi, İranın neft ixracının məhdudiyyətlərdən azad edilməsi, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması, Tehranın nüvə materiallarını ölkə daxilində saxlamasına icazə verilməsi və müharibənin dayandırılması daxildir.

Qalibaf bu açıqlamaları müharibə dövründə və düşmən atəşi altında inşa edildiyini bildirdiyi yeni raket obyektinin təqdimatı zamanı verib.

Sözügedən obyektin sadəcə texniki və ya müdafiə yönümlü bir nailiyyətdən ibarət olmadığını qeyd edən Qalibaf bu müəssisənin regiondakı strateji balansda dəyişikliyi simvolizə etdiyini deyib.

Qalibaf İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrini tərifləyərkən bu qüvvələrin imkanlarının İsrailə meydan oxuduğunu, iranlıların və Fələstin məsələsi tərəfdarlarının mənəvi ruhunu gücləndirdiyini vurğulayıb.

Parlament sədri ABŞ-nin maliyyə naziri Skott Bessentin son açıqlamalarını tənqid edərək bunların Vaşinqtonun İranın gücü qarşısında yaşadığı məyusluğun sübutu olduğunu bildirib və ABŞ rəsmilərinin İranı təhqir etmək əvəzinə Körfəzdəki strateji uğursuzluqları barədə düşünməli olduqlarını ifadə edib.