Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirlərinin Toplantısı ərəfəsində jurnalistlərin suallarını cavablandırıb.
Aİ liderlərinin noyabrın 13-də Avropanın danışıqlarda təmsil olunma formasını müəyyən etdiyini xatırladan K.Kallas xarici işlər nazirləri ilə görüşlərin məzmunu üzərində işi davam etdirəcəklərini deyib.
Rusiyanın 2021-ci ildə müharibədən əvvəl tələblər siyahısı təqdim etdiyini və rəsmi Moskvanın indi həmin tələbləri yenidən gündəmə gətirərək onlara yenilərini əlavə etdiyini bildirən K.Kallas deyib: "Bu, müharibəni davam etdirmək üçün açıq-aşkar bəhanədir. Bu məsələdə realist olmalıyıq".
Rusiyanın maksimalist tələblərinə qarşılıq olaraq Aİ-nin irəli sürdüyü maksimalist tələbləri nazirlərlə müzakirə edəcəklərini diqqətə çatdıran K.Kallas qarşıda gərgin iş prosesinin olduğunu qeyd edib.
Avropada mövcud təhlükəsizlik sisteminin olduğuna diqqət çəkən K.Kallas Rusiyanın Helsinki Yekun Aktı və Budapeşt Memorandumu da daxil olmaqla bir çox sazişlə bu nizamı qəbul etdiyini xatırladıb.
K.Kallas problemin Rusiyanın razılaşmalara əməl etməməsindən qaynaqlandığını vurğulayaraq deyib: "Buna görə də Rusiya tərəfindən bu öhdəliklərə əməl olunacağını göstərən konkret güzəştlər görməliyik".
Əsas prioritetin atəşkəs olmalı olduğunu vurğulayan K.Kallas "Görmək istədiyimiz şey atəşkəsdir. Digər hər hansı bir məsələnin müzakirəsinə başlamaq üçün məhz atəşkəs lazımdır", - deyə qeyd edib.
Rusiyanın avropalıların onlara hələ heç nə təklif etmədiyini iddia etdiyini bildirən K.Kallas deyib: "Birdən-birə elə təəssürat yaranır ki, guya onlara nəsə təklif etmək bizim öhdəmizə düşür. Halbuki müharibəni onlar başladıblar. Təcavüzkar olan onlardır və ortada bir zərərçəkən var".
Aİ-nin maksimalist tələbləri arasında Rusiya hərbçilərinin digər ölkələrdən çıxarılmasının olub-olmaması barədə sualı cavablandıran K.Kallas Rusiyanın hazırda qoşun saxladığı bütün ölkələrdən hərbi birləşmələrini çıxarmasının siyahıda yer aldığını təsdiqləyib.






















