Tehran bildirib ki, Vaşinqton sanksiyaların yumşaldılması və İran limanlarına dəniz blokadasının qaldırılması da daxil olmaqla, şərtlərini yerinə yetirərsə, həyati əhəmiyyətli su yolunu iki gün ərzində aça bilər.
İranın xarici işlər naziri Abbas Əraqçi 10 ölkədən ibarət regional blokun Tehranın ABŞ ilə müharibəyə son qoymaq səyləri çərçivəsində Hörmüz boğazını yenidən açmaq üçün təklif etdiyi planı dəstəklədiyini açıqlayıb.
Daha əvvəl bir həftəlik müddət təklif edən Tehran Vaşinqtonun şərtlərini qəbul edəcəyi təqdirdə boğazı iki gün ərzində yenidən açmağa hazır olduğunu bildirib.
İslamabadda jurnalistlərə açıqlama verən Əraqçi "İclasda müsbət cavab verildi; İran tərəfindən təqdim edilən ikigünlük plan dəstəklənərək bu təşəbbüsün qəti və hərtərəfli atəşkəslə nəticələnməsinə dair ümid ifadə olundu" deyib.
Əraqçi Mərkəzi Asiya, Cənubi Asiya və Yaxın Şərq ölkələrindən ibarət İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün bu gün gec saatlarda Pakistana səfər edib.
Pakistanın paytaxtında keçirilən iclasda Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, İran, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan yüksək səviyyəli rəsmilər iştirak ediblər.
Təşkilatın digər üzvü olan Əfqanıstandan isə iclasa heç bir rəsmi şəxs qatılmayıb.
Münaqişəyə son qoymaq səyləri son həftələrdə dalana dirənib. Tehran boğazın yenidən açılması müqabilində xaricdəki dondurulmuş aktivlərinin sərbəst buraxılmasını, sanksiyaların yumşaldılmasını və ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını tələb edir.
İran müharibənin başlanğıcından bəri qlobal enerji təchizatı üçün həyati əhəmiyyət daşıyan bu su yolunu blokadada saxlayır.





















