Bu gün olduqca diqqətçəkən və hər birimizi yaxından maraqlandıran bir mövzudan danışacağıq: rəqəmsal dövrün yeni təhlükəsi — beyin çürüməsi.
Neçə dəfə özünüzü saatlarla telefon ekranını boşu-boşuna sürüşdürdüyünüzün fərqində olmusuz? Neçə dəfə “cəmi beş dəqiqə” dediyiniz sosial media istifadəsi saatlarla keçirilən boş məşğuliyyətə çevrilib? Məhz bu nöqtədə insan bəhs etdiyimiz təhlükəyə məruz qalır.
Sosyal media istifadəsi, xüsusilə gənclər arasında sürətlə artmaqdadır və bu artım ciddi nəticələr doğurur: idrak zəifləməsi, zehni yorğunluq və s... ABŞ-dakı Boston Uşaq Xəstəxanasının tədqiqatçıları bu prosesi “Problemli interaktiv media istifadəsi” kimi adlandırır. Bəs tədqiqatlar bu haqda nə deyir?
Sosial medianın həddindən artıq istifadəsi gənclərin bir şeyə diqqət vermə, fokuslanma müddətini azaldır və beynin təbii istirahət dövrünü pozur. 2024-cü ildə Oxford Universitetində aparılan araşdırmalar göstərir ki, beynin davamlı gərgin vəziyyəttə sosyal medyanın təsiri altında qalması, bir müddət sonra diqqət dağınıqlığına, zehni yorğunluğa və idrak zəifləməsinə səbəb olur.
Daha narahatedici məqam isə budurki, sosyal media asılılığı təkcə insanlar arasındakı əlaqələri zəiflətmir, eyni zamanda tənhalıq və depressiya hallarını da artırır. Massaçusets Texnologiya İnstitundan əldə olunan nəticələr vəziyyəti daha da aydın göstərir: davamlı ekran arxasında oturmaq beyin funksiyalarını ləngidir. Üstəlik, gənclərdə empatiya qurmaq qabiliyyətinin azalmasına da səbəb olur. Mütəxəssislər bildirir ki, beynin həddindən artıq sosyal medya təsirinə məruz qalması insanın ətraf mühitlə əlaqəsini zəiflədir və real həyata uyğunlaşmasını çətinləşdirir.
İndi isə “beyin çürüməsi” anlayışına nəzər yetirək. Səslənişi belə narahatlıq doğurur, elə deyil?
Neyropsixoloq Merve Tuğçe Doğru mövzunu belə izah edir: “Məzəli videolar izləyərək vaxt keçirmək əyləncəlidir. Amma gün ərzində etdiyiniz şey təkcə budursa, beyniniz lazım olan dərəcədə günlük məşqini etməmiş olur. Çünki beyin də bir əzələ kimidir, güclü qalmaq üçün çalışdırılmalıdır. Əgər daim aşağı səviyyəli, bayağı məzmun izliyirsinizsə (-ki dinləmək və oxumaq da buna daxildir), beyniniz düzgün işləməsi üçün ona lazım olan məşqdən məhrum qalmış olur.”
Merve Tuğçe Doğrunun başqa bir vacib müşahidəsi də var: davamlı ekran sürüşdürmə davranışı — yəni hamımızın etdiyi o sonsuz “scroll” — beynin məlumatı kodlaşdırmaq, yaddaşa həkk etmək və saxlamaq qabiliyyətini zəiflədir. Bununla yanaşı, planlama, təşkilatçılıq, problem həlli, qərarvermə və müvəqqəti yaddaş kimi icraedici funksiyalar da zəifləyir.
İndi isə “doomscrolling” anlayışına baxaq. Bu termin bu gün öyrənəcəyiniz ən vacib terminlərdən biri ola bilər. Doomscrolling — davamlı şəkildə mənfi xəbərləri izləmək deməkdir. İnsan beyni təbii olaraq mənfi məlumatlara daha çox diqqət yetirir və onları daha yaxşı xatırlayır.
Bu səbəbdən sosyal medyada rastımıza çıxan pis bir xəbər digər daha pis xəbərləri də axtarmağımıza səbəb olur. Araşdırmalar göstərir ki, həddindən artıq mənfi xəbərə məruz qalmaq isə həm zehni, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.
Bəs belə bir halda nə edə bilərik? Xoşbəxtlikdən bunun da həll yolları var.Mütəxəssislər rəqəmsal detoksun effektiv üsul olduğunu bildirirlər. Harvard Universitetinin araşdırmalarına görə, həftədə bir gün smartfon cihazlardan uzaq qalmaq zehni funksiyaları yaxşılaşdırır və yorğunluğu azaldır.
Fiziki aktivliyin artırılması və ekran vaxtının məhdudlaşdırılması beynin daha sağlam işləməsinə şərait yaradır. Sosyal media savadlılığı, yəni onu düzgün şəkildə istifadə etmək də böyük əhəmiyyət daşıyır. ABŞ və Avropada aparılan tədqiqatlar göstərir ki, bu sahədə məlumatlı olan gənclər rəqəmsal istifadəyə daha şüurlu yanaşırlar.
Neyropsixoloq Merve Tuğçe Doğrunun valideynlər üçün tövsiyəsi isə belədir: “Valideynlər xatırladıcılar vasitəsilə uşaqlarda özünüidarə bacarıqlarını inkişaf etdirə bilərlər. Qısa müddətli sosial media fasilələri isə psixoloji rifahı artırır.”
Yekunda isə sizə tövsiyəmiz telefonu bir müddətlik kənara qoyub real həyatla yenidən əlaqə qurmaqdır. İnanın ki, beyniniz buna görə sizə təşəkkür edəcək.
Növbəti yazımızda görüşmək ümidi ilə. Sağlıqla qalın.















