TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan BMT-ni təsis edilməsinin 81-ci ildönümü münasibətilə təbrik edib
Ölkə rəhbəri R.T.Ərdoğan 24 Oktyabr Birləşmiş Millətlər Günü münasibətilə təbrik mesaj yayımlayıb
Prezident R.T.Ərdoğan BMT-ni təsis edilməsinin 81-ci ildönümü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Oktyabr Birləşmiş Millətlər Günü və Birləşmiş Millətlər Təşkilatının Təsis Edilməsinin 81-ci İldönümü münasibətilə təbrik mesajı yayımlayıb.

Dövlət başçısı R.T.Ərdoğanın mesajında deyilir: “Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis edilməsinin 81-ci ildönümünü ölkəm və millətim adından ən səmimi hisslərlə təbrik edirəm. Baş katib cənab Antonio Quterreş başda olmaqla, ölkəmizdə və dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən BMT əməkdaşlarını təbrik edirəm.

İki Dünya müharibəsindən sonra gələcək nəsilləri müharibə fəlakətindən qorumaq iradəsi ilə qurulan BMT, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, eləcə də inkişaf və rifahın təşviqi üçün ilk gündən bəri mühüm məsuliyyət daşıyır.

Bu gün qarşılaşdığımız müharibələr, humanitar fəlakətlər, iqlim dəyişikliyi, aclıq və yoxsulluq kimi qlobal çağırışlar, habelə irqçilik, ksenofobiya və islamofobiya kimi təhdidlər BMT-nin təsis missiyasının əhəmiyyətinin azalmadığını, əksinə daha da artdığını göstərir.

Bəşəriyyət bu gün də BMT Nizamnaməsi ilə ortaya qoyulan birgə iradənin həyata keçirildiyi, müharibələrin sona çatdığı və davamlı sülhün bərqərar olduğu bir gələcəyi həsrətlə gözləyir.

BMT-nin üzərinə götürdüyü bu ali öhdəlikləri layiqincə yerinə yetirə bilməsi üçün bütün ölkələrin BMT Nizamnaməsinə daha güclü şəkildə sahib çıxmaları lazımdır. Eyni zamanda Təşkilatın əsas orqanlarının səmərəliliyinin artırılmasına yönəlmiş islahatları dəstəkləmələri bəşəriyyətin ortaq mənafeyinə xidmət edir.

Bu baxımdan BMT Təhlükəsizlik Şurasının daha ədalətli, əhatəli və beynəlxalq birliyin gözləntilərini qarşılaya biləcək bir struktura qovuşdurulması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Qəzzada baş verən və 74 mindən çox qəzzalının həyatına son qoyan soyqırımı başda olmaqla, dünyanın digər bölgələrinə yayılan böhran və münaqişələr bu ehtiyacın nə dərəcədə təcili olduğunu aydın şəkildə göstərir.

Bu anlayışla Cənab Baş katibin başladığı BM80 Təşəbbüsünü dəstəkləyirik. İstanbulu BMT mərkəzinə çevirmək hədəfimiz doğrultusunda təşkilatla sıx əməkdaşlıq çərçivəsində iş aparırıq.

Bu düşüncələrlə 24 Oktyabr Birləşmiş Millətlər Gününü təbrik edirəm. Daha ədalətli bir dünyanın mümkün olduğuna inanaraq, beynəlxalq sistemin və onun mərkəzində dayanan BMT-nin daha səmərəli və əhatəli bir struktura qovuşdurulması istiqamətindəki səylərimizi qətiyyətlə davam etdirəcəyimizi bir daha vurğulayıram.”

MƏNBƏ:TRT