Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Ölkə başçısı İran ətrafında geostrateji çıxılmaz vəziyyətin formalaşdığını bildirib. Tərəflər regional və qlobal hadisələri, eləcə də alyansla bağlı məsələləri müzakirə ediblər.
R.T.Ərdoğan aprelin 4-də etdiyi açıqlamada ABŞ və İsrailin İrana qarşı apardığı müharibə fonunda artan gərginliyin bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirmək riski daşıdığını qeyd edib və beynəlxalq ictimaiyyəti müharibənin dayandırılması üçün səyləri artırmağa çağırıb.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, dövlət rəhbəri R.T.Ərdoğan regional gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatiyanın zəruriliyini vurğulayıb.
Tərəflər arası görüş zamanı R.T.Ərdoğan NATO-nun Türkiyənin hava müdafiəsinə verdiyi dəstəyi də qeyd edib və son dövrdə nümayiş etdirilən həmrəyliyin alyansın çəkindiricilik qabiliyyətini ortaya qoyduğunu bildirib.
Xatırladaq ki, NATO yaxın vaxtlarda Türkiyənin hava məkanına daxil olan ballistik raketləri zərərsizləşdirib. Bu isə alyans daxilində əməliyyat koordinasiyasının yüksək səviyyədə olduğunu göstərir.
Prezident R.T.Ərdoğan rəsmi Ankaranın Rusiya–Ukrayna müharibəsi ilə bağlı sülh təşəbbüslərini dəstəkləmək istiqamətində səylərini davam etdirdiyini bir daha təsdiqləyib və danışıqlar yolu ilə həll üçün davamlı dialoqun vacibliyini vurğulayıb.
R.T.Ərdoğan həmçinin NATO-nun 77-ci ildönümünü qeyd edərək, bu ilin iyul ayında Ankarada keçiriləcək zirvə toplantısında alyansın gələcək təhdidlərə qarşı dayanıqlılığını və effektivliyini artıracaq qərarların qəbul olunacağını gözlədiyini bildirib.
















