DÜNYA
3 dəqiqə oxuma
Budapeştdə tarixi dəyişiklik: Orbanın 16 illik hakimiyyəti başa çatdı, seçkilərdə Magar qalib gəldi
Müxalifət lideri Magar Macarıstanın ümumi seçkilərində tarixi qələbə qazanaraq Orbanın hakimiyyətdəki gücünə son qoydu
Budapeştdə tarixi dəyişiklik: Orbanın 16 illik hakimiyyəti başa çatdı, seçkilərdə Magar qalib gəldi
Piter Maqar Macarıstanın yeni Baş naziri / Reuters
12 saat əvvəl

Macarıstanın müxalifət lideri Piter Magar ölkənin ümumi seçkilərində qələbə qazandı.

Milli Seçki Ofisinin səslərin 81%-indən çoxunun sayıldığı nəticələrinə görə, Macarıstanın Tisza partiyası səslərin 68,84%-ini topladı və böyük bir qələbə əldə edərək zəfər qazanmağa və Macarıstan Parlamentində təxminən 137 yer əldə etməyə hazırlaşır.

Qələbənin miqyası o qədər həlledici idi ki, Avropa İttifaqının ən uzun müddət vəzifədə olan lideri, hazırkı Baş nazir Viktor Orban bazar günü gecə məğlubiyyətini qəbul etdi.

2010-cu ildən bəri Macarıstan siyasətində hakim mövqe tutan Orban Magara zəng edərək onu təbrik etdiyini təsdiqlədi.

Orban tərəfdarlarına müraciətində "Nəticə aydın və ağrılıdır. Millətimizə müxalifət olaraq xidmət edəcəyik və əsla təslim olmayacağıq" dedi.

Avropalı liderlər yeni dövrü məmnunluqla qarşıladılar

Avropa paytaxtlarından gələn reaksiyalar sürətli və böyük ölçüdə müsbət oldu. Almaniya Kansleri Fridrix Merts səmimi təbriklərini çatdıraraq "vahid Avropa" üçün güclərin birləşdirilməsi çağırışını edib. Fransa prezidenti Emmanuel Makron isə Magar ilə birbaşa danışaraq bu qələbəni qitə sabitliyi üçün dönüş nöqtəsi adlandırıb.

İngiltərə Baş naziri Kir Starmer bunu Avropa demokratiyası üçün "tarixi bir an" kimi xarakterizə edib. İspaniya Baş naziri Pedro Sançes isə nəticəni "Avropa dəyərləri" baxımından bir qələbə olaraq qarşıladı. İtaliyanın Baş naziri Corcia Meloni Magarı "aşkar qələbəsi" münasibətilə təbrik edib və konstruktiv əməkdaşlığın davam edəcəyi vədini verib.

Magarnın qələbəsi Ukrayna müharibəsinin gedişatına da dərindən təsir edə bilər. Ukrayna prezidenti Volodimir Zelenski müxalifət liderini təbrik edib və Kiyevin münasibətləri dərinləşdirməyə, "əməkdaşlığı irəlilətməyə" hazır olduğunu bildirib.

İllər boyu Orban Kiyevə Aİ yardım paketləri qarşısında ən böyük maneə idi və tez-tez veto hüququndan istifadə edərək milyardlarla avroluq dəstəyi bloklayırdı. Magarın liderliyində Aİ-nin Ukrayna üçün 90 milyard avroluq krediti yekunlaşdırmasının yolu artıq açıqdır.

Magar kampaniya boyu müharibə məsələsində ehtiyatlı davransa da, Rusiya təsirini kəskin şəkildə pisləmişdi.

O, keçən ay Kremli macarları təhdid etməkdən çəkinməyə çağırmışdı ki, bu da Orbanın Vladimir Putinlə olan yaxın münasibətlərindən kəskin fərqlənən bir mövqe idi.

ABŞ və İsrail narahatdır

Brüssel bayram etdiyi halda, nəticələr digər güc mərkəzlərində şok dalğaları yaratdı.

Orban qlobal "MAGA" hərəkatının təməl daşlarından biri və ABŞ prezidenti Donald Trampın ən çox səsini ucaldan müttəfiqlərindən biri idi.

Səsvermədən cəmi bir neçə gün əvvəl Tramp Orban qalib gələrsə, Macarıstan üçün ABŞ-nin "tam iqtisadi gücündən" istifadə edəcəyinə söz vermişdi və vitse-prezident Cey Di Vens Orbanı son mitinqində dəstəkləmək üçün Macarıstana səfər etmişdi. Lakin bu addım macarlar tərəfindən xarici müdaxilə kimi pislənmişdi.

İsraildə isə strateji bir müttəfiqin itirilməsi ilə bağlı ciddi narahatlıqlar var.

Baş nazir Benyamin Netanyahu Orbanın kampaniyasını aktiv şəkildə dəstəkləmiş, hətta Budapeştdəki Fidesz partiyasının tədbirinə video mesaj göndərmişdi.

Orban dövründə Macarıstan İsraili tənqid edən Aİ bəyanatlarını tez-tez bloklayır və Brüsseldə diplomatik qalxan təmin edirdi.

Tisza Partiyasının Aİ tərəfdarı olan mövqeyə keçməsi ilə Tel-Əviv Macarıstanın Yaxın Şərq siyasətindəki etibarlı "vetosunun" yaxında yox ola biləcəyindən narahatdır.