Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurum noyabrda Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) ilə iqlim hədəflərini ölçülə bilən, tətbiqolununan fəaliyyətlərə çevirmək istədiklərini bildirib.
Murat Kurum BMT-nin 81-ci Baş Assambleyası həftəsi çərçivəsində səfərdə olduğu Nyu-Yorkda, noyabrda Antalyada təşkil ediləcək COP31-in təqdimatını keçirib.
Kurum iqlim böhranının təxirəsalınmazlığı barədə artıq güclü bir ortaq anlayışın formalaşdığını, birgə hədəflərin qoyulduğunu və dünyanın bir çox yerində tətbiqolununan həll yollarının mövcudluğunu, lakin bu həllərin necə həyata keçiriləcəyinin əsas məsələ olduğunu vurğulayıb.
Maliyyəyə çıxış, potensial çatışmazlıqları, texnologiya və sərmayəni ehtiyaclarla qovuşdurma kimi problemlərə diqqət çəkən Kurum Antalyada noyabr ayında keçiriləcək COP31 konfransında bu suallara cavab axtarılacağını deyib.
M Kurum deyib: "Bu prosesdə yanaşmamız üç əsas prinsipə əsaslanır: Dialoq. Razılıq. Fəaliyyət. Dialoqla fərqli ehtiyacları və prioritetləri dinləyirik. Razılıqla birgə fəaliyyət sahələrini müəyyənləşdiririk. Fəaliyyətlə bu tərəfdaşlığı konkrət nəticələrə çevirmək istəyirik".
Hədəflərdən tətbiqə keçmək üçün "tətbiq əsasları" formalaşdırdıqlarını qeyd edən Kurum ölkələr, beynəlxalq təşkilatlar, maliyyə qurumları, özəl sektor və vətəndaş cəmiyyəti ilə əhatəli məsləhətləşmə prosesi apararaq Fəaliyyət Gündəliyini hazırladıqlarını söyləyib.
Nazir Kurum "2035-ci ilə qədər elektrik enerjisinin son enerji istehlakındakı payını 35 faizə çatdırmağı hədəfləyirik. COP31 Qlobal Elektrifikasiya Təşəbbüsü ilə elektrifikasiyanı qlobal miqyasda sürətləndirəcəyik", -deyə əlavə edib.
Sıfır tullantı məsələsində də 2035-ci ilə qədər bələdiyyə tullantılarının yaranmasındakı proqnozlaşdırılan artımı ən azı yarıbayarı azaltmağı hədəflədiklərini bildirən nazir eyni şəkildə qlobal təkrar emal olunan material istifadəsi nisbətini ən azı 15 faizə qaldırmağı məqsəd qoyduqlarını ifadə edib.
M.Kurum iqlimə davamlı şəhərlərdən okean və dənizlərdəki tətbiqlərə, ərzaq təhlükəsizliyindən dinamik və davamlı səhiyyə sistemlərinə qədər COP31 hədəflərini nümunələrlə izah edib.
Nazir Kurum noyabrda hər kəsi Antalyada qonaq etməkdən məmnunluq duyacaqlarını bildirərək: "Ancaq Antalyanı bir son dayanacaq olaraq görmürük. Antalyanın tətbiqin görünən və ölçülə bilən şəkildə sürətləndiyi dönüş nöqtəsi olmasını istəyirik", — ifadələrini işlədib.
Qeyd edək ki, Türkiyənin sədrliyi ilə 2026-cı il COP31 konfransı 9-20 noyabr tarixlərində Antalyadakı Expo Mərkəzində keçiriləcək.




















