Türkiyədə sosial şəbəkə istifadəçilərinin yaşının təsdiqlənməsi ilə bağlı yeni qərar oktyabrın 10-da “Resmi Gazete”də dərc olunub. Tənzimləməyə əsasən, 15 yaşına çatmamış uşaqların sosial şəbəkə platformalarından istifadə etmələrinə qadağa qoyulub.
Kiber Təhlükəsizlik Baş İdarəsi tərəfindən hazırlanan qaydalara görə, yaşın təsdiqlənməsi prosesi "e-Dövlət" portalı üzərindən həyata keçiriləcək.
Beləliklə də, 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər. 15 yaşını tamamlamış istifadəçilərin hesablarında isə uşağın maraqları nəzərə alınaraq onların fiziki, əqli, psixoloji, sosial və emosional inkişafını qoruyan xüsusi xidmətlər təqdim ediləcək.
Qaydalar çərçivəsində platformalar uşaqların hesablarında ilkin olaraq məxfilik xüsusiyyətini tətbiq etməyə və hesablarını qapalı tutmağa məcbur olacaqlar. Bu hesablar üzərindən canlı yayımların açılması və fərdiləşdirilmiş reklamların göstərilməsinə icazə verilməyəcək.
Platformalar həmçinin uşaqların ancaq təqib etdikləri hesablardan mesaj almasını təmin edəcək. Təqib olunan və təqib edən hesabların siyahıları isə digər istifadəçilərdən gizlədiləcək.
Yeni qaydalara əsasən, sosial şəbəkə şirkətləri valideynlər üçün də xüsusi nəzarət funksiyası təqdim etmək məcburiyyətində olacaq. Bununla da, valideynlərə uşaqlarının hesab parametrlərini idarə etməyə, istifadə müddətini məhdudlaşdırmağa və ödənişli əməliyyatları təsdiqləməyə imkan verəcək.
Qeyd edək ki, yeni qaydalar noyabrın 1-də qüvvəyə minəcək. Mövcud hesablar üçün yaşın təsdiqlənməsi prosesi isə 2027-ci il martın 31-dək yekunlaşmalıdır. Aparılan yoxlamalar zamanı 15 yaşdan kiçik istifadəçilərə aid olduğu müəyyən edilən hesablar bağalanacaq.



















