Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə gedir.
Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, səfər çərçivəsində Türkiyə ilə BƏƏ arasında Yüksək Səviyyəli Strateji Şuranın ikinci iclasına hazırlıq məsələləri müzakirə olunacaq.
Görüşlərdə Hakan Fidanın Türkiyənin Körfəz regionundakı proseslərdən təsirlənən BƏƏ ilə həmrəyliyini bir daha ifadə edəcəyi, regional və qlobal sabitlik baxımından isə Hörmüz boğazı və Bab əl-Məndəbdə naviqasiya azadlığının təmin edilməsinin vacibliyini diqqətə çatdıracağı gözlənilir.
Hakan Fidanın həmçinin Qəzza üzrə Sülh Planının ikinci mərhələsinə gecikmədən keçilməsinin, humanitar vəziyyətin yaxşılaşdırılmasının və yenidənqurma işlərinə başlanılmasının əhəmiyyətini vurğulayacağı nəzərdə tutulur. Bu çərçivədə Sülh Şurasının fəaliyyəti ilə bağlı məsləhətləşmələrin aparılması da planlaşdırılır.
Bundan əlavə, Hakan Fidanın İsrailin hücumlarına baxmayaraq Qəzza və Livanda atəşkəsin qorunması və davamlılığının təmin olunması üçün qətiyyətli beynəlxalq mövqeyin vacibliyini qeyd edəcəyi gözlənilir.
Qeyd edək ki, nazir Fidan BƏƏ-yə sonuncu dəfə martın 20-də səfər etmişdi.
Türkiyə və BƏƏ 2023-cü ildən bəri strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. Yüksək Səviyyəli Strateji Şuranın ilk iclası 2025-ci il iyulun 16-da Ankarada liderlər səviyyəsində keçirilib.
BƏƏ Türkiyəyə ən çox investisiya yatıran Körfəz ölkəsi olmaqla yanaşı, Türkiyənin regiondakı ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 19,346 milyard dollar təşkil edib.























