Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əl-Zeydi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüblər. Görüşdən sonra hər iki ölkənin rəsmi qurumları tərəfindən birgə bəyanat yayımlanıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, tərəflər iki ölkə arasındakı strateji münasibətləri müzakirə edərək təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, Sincar bölgəsində dövlət hakimiyyətinin qurulması və ölkə üçün təhdid yaradan xarici silahlı ünsürlərin bölgədən çıxarılması istiqamətində konkret addımlar atılacaq.
İraq tərəfinin təhlükəsizlik tədbirləri sahəsində əldə etdiyi irəliləyişləri nəzərə alan Türkiyə qarşılıqlı razılaşdırılmış mexanizm və cədvələ uyğun olaraq Başika-Zilkan hərbi bazasını tədricən İraq Federal Hökumətinə təhvil verəcək.
Görüşdə həmçinin ikitərəfli ticarət və investisiya həcminin artırılması, əvvəllər imzalanmış müqavilələrin icrasının sürətləndirilməsi və başda "İnkişaf Yolu" layihəsi olmaqla, birgə strateji təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.






















