Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin qarşıdakı dövrdə əsas müdafiə sənayesi hədəfi yüksək texnologiyalı məhsulları daha sürətli, daha effektiv və daha böyük həcmdə istehsal edərək Türkiyəni qlobal müdafiə ixracatçıları arasında ilk onluğa daxil etməkdir.
Ölkə rəhbəri R.T.Ərdoğan bu açıqlamanı aprelin 7-də paytaxt Ankarada “Roketsan”ın yeni istehsal müəssisələrinin açılış mərasimində çıxışı zamanı verib. O qeyd edib ki, Türkiyə 2028-ci ilə qədər müdafiə və aviasiya ixracatında 11 milyard dollar həcmində nəticəyə çatmağı və bununla da dünyanın ən böyük 10 müdafiə ixracatçısından biri olmağı planlaşdırır.
Prezident əlavə edib ki, hava hücumundan müdafiə sistemləri və raket layihələri üçün yaradılan yeni infrastruktur Türkiyə Silahlı Qüvvələrinin çəkindirici gücünü daha da artıracaq. Dövlət başçısı R.T.Ərdoğan deyib: “Polad Qübbə”nin vurucu gücünü təşkil edən sistemlərin istehsal tempinin yüksəlməsi ilə hava müdafiə arxitekturamızı daha da gücləndirəcəyik.”
Qeyd edək ki, “Polad Qübbə” Türkiyənin yerli imkanlarla inkişaf etdirdiyi radar, raket, elektron müharibə və komanda-idarəetmə sistemlərini birləşdirən inteqrasiya olunmuş mərhələli hava hücumundan müdafiə sistemidir. Bu sistem hava məkanını müxtəlif hündürlük və məsafələrdəki təhdidlərdən qorumağa xidmət edir.
Prezident R.T.Ərdoğan bildirib ki, Türkiyə artıq müdafiə sənayesi sahəsində dünya tərəfindən heyranlıqla izlənilən mövqeyə yüksəlib. Onun sözlərinə görə, bu gün Türkiyə öz hava məkanını qoruyan, öz platformalarını təchiz edən və öz sursatını istehsal edən ölkədir və bütün bunlar yerli insan resursları hesabına həyata keçirilir.
Prezident həmçinin vurğulayıb ki, Türkiyə qaydaların və proseslərin yenidən formalaşdığı yeni dünya nizamının qurucu aktorları arasında yer alır və həm sahədə, həm də texnologiyada hadisələrin gedişatına təsir göstərir.

















