Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Sədrliyinin koordinasiyası və Kocaeli Şəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan "Türk Dünyası Gənclər Görüşü" tədbiri ilə bağlı video müraciət ünvanlayıb.
Ölkə başçısı R.T.Ərdoğan müraciətində deyib: "Bizim tərəfdaşlığımız xəritələrdə çəkilən sərhədlərdən qat-qat üstündür. Yol yoldaşlığımız köklü tarixin, zəngin mədəniyyətin və güclü könül əlaqələrinin üzərində inşa edilib. Enerjinizi ortaq bir ideal ətrafında, firavan gələcək naminə birləşdirən siz gənclərə ən güclü dəstəyi verməkdə davam edəcəyik. Türkiyə olaraq “Dildə, fikirdə, işdə birlik” məfkurəmizi bu ayın sonunda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Sammiti ilə daha da irəliyə aparmağı hədəfləyirik."




















