TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan: “Türkiyə təhlükəsizlik böhranlarını uğurla idarə edir”
R.T.Ərdoğan bildirib ki, nə region, nə də dünya keçmişə qayıda bilməz və baş verən hadisələrin nəticələri zaman keçdikcə daha aydın görünəcək
Prezident R.T.Ərdoğan: “Türkiyə təhlükəsizlik böhranlarını uğurla idarə edir”
R.T.Ərdoğan bildirib ki, nə region, nə də dünya keçmişə qayıda bilməz. / TRT World

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 24-də İstanbuldakı Dolmabahçe Prezident Ofisində keçirilən “Türkiyə Yüz ili – İnvestisiyanın Güclü Mərkəzi” proqramında iştirak edib. Tədbirdə çıxış edən ölkə başçısı İsrail kimi aktorların müharibə alovunu yenidən qızışdırmağa çalışmasına baxmayaraq, prosesin ehtiyatla izlənildiyini qeyd edib. Prezident R.T.Ərdoğan vurğulayıb ki, belə böyük sarsıntıların yaratdığı təsirlər zamanla daha aydın şəkildə üzə çıxacaq.

Dövlət rəhbəri deyib: “Türkiyə son illərin ən böyük təhlükəsizlik böhranlarından birini uğurla idarə edərək regionunda sabitlik nümayiş etdirən ölkə olduğunu bir daha təsdiq edib.”

Prezident R.T.Ərdoğanın bu açıqlamaları İsrailin Qəzzada apardığı soyqırım, Livan və Suriyaya yönəlik davam edən hücumlar, eləcə də İranla birbaşa gərginliyin artdığı bir dövrdə səsləndirilib.

Qeyd edək ki, Türkiyə dövləti İsrailin artan hücumlarının regional qeyri-sabitliyi dərinləşdirmək və daha genişmiqyaslı qarşıdurmaya səbəb olmaq riski daşıdığı ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Eyni zamanda rəsmi Ankara Yaxın Şərqdə təmkin və gərginliyin azaldılması çağırışları edən sabitləşdirici aktor kimi çıxış edir.

 

İnvestisiya mərkəzi

R.T.Ərdoğan həmçinin Türkiyəni aparıcı qlobal investisiya mərkəzlərindən birinə çevirmək məqsədilə genişmiqyaslı islahatlar vəd edib və ölkənin aparıcı maliyyə zonasına beynəlxalq kapital cəlb etməyə yönəlmiş yeni təşviqlərin tətbiq olunacağını bildirib.

Hökumətin iqtisadi yol xəritəsi barədə danışan R.T.Ərdoğan qeyd edib ki, rəsmi Ankara Türkiyəni dünyanın ən cəlbedici investisiya mərkəzlərindən birinə çevirmək üçün geniş tənzimləmələr həyata keçirəcək və investor etimadını, eləcə də rəqabət qabiliyyətini artırmağa yönəlmiş yeni addımlar atacaq.

Planın mərkəzində İstanbul Maliyyə Mərkəzi dayanır. Hökumət bu zonada fəaliyyət göstərən şirkətlər üçün əlavə vergi güzəştləri tətbiq etməyi planlaşdırır.

R.T.Ərdoğan bildirib ki, bu mərkəz vasitəsilə tranzit ticarət həyata keçirən şirkətlər əldə etdikləri gəlirlərə görə 95 faiz vergi istisnasından yararlanacaqlar. Onun sözlərinə görə, bu addım İstanbulun qlobal maliyyə axınları və ticarət üçün əsas mərkəzlərdən birinə çevrilməsinə xidmət edir.

Qeyd olunan tədbirlər Türkiyənin Avropa, Asiya və Yaxın Şərq arasında yerləşən coğrafi mövqeyini üstünlüyə çevirməklə yanaşı, alternativ maliyyə mərkəzləri axtaran transmilli şirkətlər üçün cəlbediciliyini artırmağa yönəlib.

Dövlət başçısı R.T.Ərdoğan bu təşəbbüsü iqtisadi dayanıqlığın gücləndirilməsi və yüksək əlavə dəyərli investisiyaların genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyanın bir hissəsi kimi təqdim edib. Bundan əlavə rəsmi Ankaranın getdikcə daha rəqabətli qlobal investisiya mühitində mövqeyini gücləndirmək üçün əlavə tənzimləyici addımlar ata biləcəyinə işarə edib.

MƏNBƏ:TRT