ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyə dövləti Tokioda süni intellekt və qlobal nizamla bağlı STARTCOM forumu təşkil edib
Tokiodakı rəsmilər və mütəxəssislər süni intellekt, dezinformasiya və geopolitik rəqabətin qlobal nizam və iqtisadi davamlılığa təsirini müzakirə ediblər
Türkiyə dövləti Tokioda süni intellekt və qlobal nizamla bağlı STARTCOM forumu təşkil edib
Türkiyə dövləti Tokioda süni intellekt və qlobal nizamla bağlı STARTCOM forumu təşkil edib / Turkish Communications Directorate

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Yaponiyanın paytaxtı Tokİoda Türkiyə Respublikasının Səfirliyi ilə birgə "STRATCOM" Dəyirmi Masa Toplantısı və İctimai Forum təşkil edib. Tədbirdə bir araya gələn rəsmilər və ekspertlər yeni texnologiyalar, strateji kommunikasiya və iqtisadi təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Dəyirmi masa "Yaranmaqda olan texnologiyalar əsrində dəyişən qlobal nizam" mövzusuna həsr olunub. İctimai forumda isə "Geopolitik rəqabət əsrində iqtisadi təhlükəsizliyin idarə olunması" mövzusuna diqqət yetirilib.

 

İqtisadi təhlükəsizlik

İştirakçılar süni intellektin qlobal idarəçilik, rəqəmsal suverenlik, informasiya təhlükəsizliyi və beynəlxalq əməkdaşlığa təsirini müzakirə ediblər. Həmçinin kritik texnologiyalar, etibarlı təchizat zəncirləri, məlumat təhlükəsizliyi və rəqəmsal iqtisadiyyat mövzuları nəzərdən keçirilib.

Tədbirdə iştirak edən Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran geopolitik, texnoloji və sosial dəyişikliklərin qlobal gücü yenidən formalaşdırdığını bildirib. B.Duran rəqəmsal texnologiyaların manipulyasiya, qütbləşmə və qeyri-müəyyənlik vasitəsilə zəifliklər yaratdığı barədə də xəbərdarlıq edib.

"Bu gün həm düzgün məlumat, həm də kommunikasiya böhranı kimi qiymətləndirilə biləcək bir vəziyyətlə qarşı-qarşıyayıq", – deyə B.Duran qeyd edib. O, beynəlxalq əməkdaşlığa və ortaq prinsiplərə çağırış edib.

Türkiyənin Yaponiyadakı səfiri Oğuzhan Ertuğrul Türkiyə və Yaponiyanın qlobal sülh, sabitlik və rifaha dəstək verməkdə qurucu rol oynaya biləcəyini vurğulayıb. İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbər müavini Ferhat Pirinççi isə süni intellektin beynəlxalq münasibətləri və ictimai diplomatiyanı dəyişdirdiyini bildirib. O, dezinformasiyanın iqtisadi sabitliyə, investisiyalara və ictimai etimada təsirinə diqqət çəkib.

 

Dezinformasiya və kritik texnologiyalar

Tədbirdə çıxış edən Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini Ömer İleri geopolitik və texnoloji dəyişikliklərin eyni vaxtda baş verdiyini deyib. O bildirib ki, proteksionizm, yerli istehsal, süni intellekt, məlumat və bazar cəmləşməsi rəqabəti yenidən formalaşdırır.

Tokİo Universitetinin alimi Akira İqata kritik mineral təchizatında və məlumat mərkəzi infrastrukturlarında yer alan şirkətləri hədəf alan dezinformasiyadan bəhs edib.

 

Strateji kommunikasiya dialoqu

Keçirilən bu tədbirlər Türkiyə ilə Yaponiya arasında strateji və böhran kommunikasiyası sahələrində institusional dialoqun güclənməsinə töhfə verir. Tədbirdə süni intellekt dövründə ortaya çıxan risklər və imkanlarla bağlı ortaq yanaşmalar qiymətləndirilib. Beynəlxalq informasiya və təcrübə mübadiləsinin artırılmasına şərait yaradılıb.

Qeyd edək ki, hər il beynəlxalq iştirakla keçirilən STRATCOM strateji kommunikasiyadakı aktual mövzuların fərqli baxış bucaqları ilə müzakirə edildiyi platformadır. Bu platforma dövlət qurumlarını, beynəlxalq təşkilatları, akademiyanı, medianı və texnologiya sektorunu bir araya gətirən qlobal kommunikasiya mərkəzi olmaqda davam edir.

MƏNBƏ:TRT