Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanda keçirilən hərbi təlim zamanı baş verən faciə ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Nazirliyin yaydığı açıqlamada deyilir: ‘‘Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Aktau sahillərində keçirdiyi təlim zamanı baş verən hadisə bizi kədərləndirdi. Faciə nəticəsində həyatını itirənlərin ailələrinə, eləcə də qardaş Qazaxıstan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk’’.
Qazaxıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim və döyüş tapşırıqlarının icrası zamanı hava şəraiti qəfil pisləşib və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb.
Hadisə nəticəsində 9 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. İtkin düşən digər 7 hərbçinin tapılması üçün əraziyə xüsusi xilasetmə qrupları göndərilib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.























