Cənubi Koreya dövlət başçısı Li Cae Myunqun dəvəti ilə paytaxt Seulda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri arası görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Tərəflər arası keçirilən görüşdə iqtisadi və ticarət əlaqələrinin prioritet gündəm maddəsi olduğunu bildirən Prezident R.T.Ərdoğan digər mühüm mövzunun isə nüvə enerjisi və mədənçilik olduğunu deyib.
Türkiyə ilə Cənubi Koreya arasındakı tarixi dostluğun əsasının 76 il əvvəlki Koreya Müharibəsində Türkiyə əsgərlərinin Koreyanın müstəqilliyi uğrunda etdiyi fədakarlıqlarla qoyulduğunu xatırladan ölkə başçısı R.T.Ərdoğan qarşılıqlı təmasların iki ölkə arasındakı əməkdaşlığı dinamik və gələcəyə yönəlik şəkildə irəli aparacağını vurğulayıb.
Dövlət başçısı R.T.Ərdoğan deyib: "Xüsusilə batareya istehsalı, süni intellekt və yarımkeçiricilər də daxil olmaqla, bir çox qabaqcıl texnologiya sahəsində Cənubi Koreya ilə əməkdaşlığa böyük önəm veririk. Bildiyiniz kimi, müdafiə sənayesi strateji tərəfdaşlığımızın konkret nəticələr verdiyi sahələrin başında gəlir. Möhtərəm Prezidentlə görüşümdə "Fırtına" haubitsaları və "Altay" tankı kimi uğurlu birgə layihələrin sayının artırılmasının vacibliyini qeyd etdik".
Prezident R.T.Ərdoğan: "Beynəlxalq məsələlərlə bağlı mövqeyimiz böyük ölçüdə üst-üstə düşür. Koreya yarımadasında daimi sülh və sabitliyin bərqərar olunmasını hədəfləyən dialoqa əsaslanan yanaşmanı dəstəkləyirik" ifadələrini işlədib. O, Birləşmiş Millətlər Təşkilatı (BMT), MIKTA və G20 daxil olmaqla, çoxtərəfli platformalardakı əməkdaşlığı bütün bəşəriyyətin rifahı üçün daha da irəliyə aparmaqda qərarlı olduqlarını vurğulayıb.





















