UEFA prezidenti Aleksander Ceferin UEFA final oyununun Türkiyədə keçirilməsi ilə bağlı verdiyi açıqlamada Türkiyənin 2019-cu ildən bəri üç böyük UEFA finalına ev sahibliyi etdiyini xatırladıb. O, bunun ölkənin ən yüksək səviyyəli futbol tədbirlərini təşkil etmək qabiliyyətini nümayiş etdirdiyini bildirib. A.Ceferin həmçinin Türkiyənin inkişaf etməkdə olan bir ölkə deyil, böyük bir futbol gücü kimi qəbul edilməli olduğunu vurğulayıb.
A.Ceferin Türkiyənin idmana olan dərin sevgisini yüksək qiymətləndirərək, bu ölkədə futbola üstünlük verildiyini qeyd edib. O, dürüstlük, şəffaflıq və idmana olan etimadı yenidən bərpa etmək istiqamətindəki sadiqliklərinə görə Türkiyə Futbol Federasiyası (TFF) və TFF sədri İbrahim Hacıosmanoğlundan təriflə bəhs edib.
UEFA prezidenti 2019-cu il “Superkubok”u və 2023-cü il Çempionlar Liqası finalları ilə yanaşı, "Beşiktaş Park"da keçiriləcək 2026-cı il UEFA Avropa Liqası finalının da qurumun bu ölkəyə olan etimadının sübutu olduğunu vurğulayıb.
Türkiyənin İtaliya ilə birgə ev sahibliyi edəcəyi UEFA AVRO-2032 turnirindən gözləntilər barədə də danışan A.Ceferin ölkənin ən müasir texnologiyalara sahib stadion infrastrukturunu tərifləyib. O, bunun öz obyektlərini modernləşdirməkdə çətinlik çəkən digər Avropa ölkələri ilə müqayisədə mühüm üstünlük təmin etdiyini bildirib.
Milli komandaya da toxunan UEFA prezidenti 2026-cı il FİFA Dünya Çempionatı ilə bağlı böyük gözləntilərinin olduğunu qeyd edərək, kollektivin yüksək rəqabət aparmaq gücündə olmasının vacibliyini diqqətə çatdırıb.
A.Ceferin komandanın heyətindəki yarımmüdafiəçilərin istedadını, xüsusən də gənc ulduzlar Arda Gülər və Kənan Yıldızla yanaşı, təcrübəli Hakan Çalhanoğlunun rolunu xüsusi vurğulayıb.
UEFA prezidenti son olaraq Türkiyə klublarını müvəqqəti qələbələr əvəzinə, sabit Avropa uğurları qazanmaq üçün səy göstərməyə çağırıb. O, qısamüddətli və emosional qərarlar qəbul etmək yerinə, uşaqlar və gənclər üçün akademiyaları, məşqçilik və maliyyə nizam-intizamı kimi uzunmüddətli investisiyalara diqqət ayırmağı tövsiyə edib.












