TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Türkiyənin xarici işlər naziri Hakan Fidan "The National" qəzetinə verdiyi müsahibədə regional təhlükəsizlik, ABŞ-İran münasibətləri və ‘‘F-35’’ proqramı ilə bağlı mühüm bəyanatlar verib.
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan "The National" qəzetinə verdiyi müsahibədə regional təhlükəsizlik, ABŞ-İran münasibətləri və ‘‘F-35’’ proqramı ilə bağlı mühüm bəyanatlar verib.

Hakan Fidan İsrail Baş naziri Benyamin Netanyahunun yürütdüyü siyasətin və rəhbərlik etdiyi hökumətin təkcə region üçün deyil, həm də İsrail və beynəlxalq təhlükəsizlik üçün böyük bir yük və təhdid olduğunu bildirib. Bu ritorikanın Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmaya səbəb olub-olmayacağı barədə suala cavab verən xarici işlər naziri, açıq münaqişə üçün heç bir səbəbin olmadığını vurğulayıb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh tərəfdarı bir lider olduğunu, buna görə də qurulan heç bir tələyə düşməyəcəyini vurğulayıb.

Türkiyənin XİN rəhbəri Avropa liderlərinin də artıq İsrailin yaratdığı təhlükəni anlamağa başladıqlarını, lakin hələlik bu problemlə mübarizə yollarını tapa bilmədiklərini diqqətə çatdırıb. O, Suriyada əldə olunmuş müsbət irəliləyişlərə mane olmaq cəhdlərinin regiondakı vəziyyəti daha da pisləşdirə biləcəyi barədə xəbərdarlıq edib. Körfəzdə yaşanan gərginliklər səbəbindən beynəlxalq diqqətin Qəzzadan yayındığını deyən nazir, fələstinlilərə daha çox humanitar yardımın çatdırılması üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiqləri artırmasının vacibliyini vurğulayıb. Türkiyənin regional mübahisələrdə unikal vasitəçilik mövqeyinə malik olduğunu xatırladan Hakan Fidan rəsmi Ankaranın regiondakı bütün tərəfləri və münaqişə dinamikasını yaxşı bildiyini qeyd edib.

Regiondakı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayan XİN rəhbəri həm İranın digər ölkələrdəki proksi qüvvələrindən istifadə siyasətini, həm də İsrailin təhlükəsizlik bəhanəsi ilə həyata keçirdiyi işğalları tənqid edib. O, bölgədəki hər bir dövlətin təhlükəsizliyini və siyasi suverenliyini təmin edən yeni bir təhlükəsizlik modelinin yaradılmasını təklif edib. ABŞ və İran arasında davam edən gərginliyə toxunan nazir iki ölkə arasında sülh razılaşmasının əldə olunacağı təqdirdə danışıqların başlaya biləcəyinə inandığını söyləyib. Hakan Fidan boğazdan keçidlə bağlı tərəflər arasında yaranan anlaşılmazlığı aradan qaldırmaq üçün iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apardığını və hər iki tərəfin sülh prosesini irəli aparmaq niyyətində olduğunu, lakin təxribatlara qarşı ehtiyatlı olmağın vacibliyini qeyd edib.

Türkiyə ilə ABŞ arasında ‘‘F-35’’ qırıcıları ilə bağlı uzun müddətdir davam edən danışıqlara da toxunan Hakan Fidan problemin həlli üçün güclü siyasi iradənin mövcud olduğunu vurğulayıb.