Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran münaqişələrin artıq yalnız döyüş meydanı ilə məhdudlaşmadığını, həm də qavrayış və məlumat üzərindən aparıldığını bildirib.
Burhanettin Duran müsəlman cəmiyyətlərini öz hekayələri (Narrativ) üzərində nəzarəti yenidən qazanmağa çağırıb. O, beynəlxalq nizamın görünməmiş bir legitimlik böhranı ilə qarşı-qarşıya olduğunu və bu nizamı quranların artıq onun əsas təxribatçıları arasında yer aldığını deyib.
İstanbulda keçirilən “Müsəlman Təsiri Forumu 2026”-da çıxış edən B.Duran dünyanın son illərdəki adi dəyişikliklərdən kənar, daha dərin bir transformasiya prosesindən keçdiyini qeyd edib.
“Müharibələr, soyqırımlar, pandemiyalar, beynəlxalq qurumlara və normalara olan inamın sarsılması açıq şəkildə kritik bir həddin keçildiyini göstərir,” – deyən B.Duran beynəlxalq birliyin gələcəyə dair aydın bir baxışının olmadığını əlavə edib.
Burhanettin Duran sistemli çöküşün əsas göstəriciləri kimi xarakterizə etdiyi bəzi məqamları sadayalaraq, böyük güclərin məsuliyyət daşımaqdan getdikcə yayındığını və qlobal nizamın qurucu aktorlarından bəzilərinin artıq bu nizamı pozan əsas qüvvələrə çevrildiyini vurğulayıb.
Həmçinin sabitliyi qorumaq və münaqişələri həll etmək üçün yaradılmış quramların effektivliyinin azaldığına diqqət çəkən Duran bu transformasiyanın kommunikasiya sahəsində də hiss olunduğunu bildirib. O, dünyanın artıq “ünsiyyət dövrünü” geridə qoyaraq, özünün “hekayələr dövrü” adlandırdığı yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.
Duran “Bu yeni dövrdə rəqabət artıq yalnız ünsiyyət qurmaq deyil; reallıqların necə bir çərçivəyə alınması, şərh edilməsi və nəticədə qlobal ictimaiyyət tərəfindən necə qəbul edilməsi üzərindədir” deyib..
Mesajların artıq saniyələr içində qlobal auditoriyaya çatdığını, lakin bu sürətin eyni zamanda dezenformasiya, manipulyasiya və həqiqətlə yalan arasındakı sərhədlərin bulanıqlaşması kimi riskləri də birliktə gətirdiyini əlavə edən Burhanettin Duran münaqişələrin artıq yalnız döyüş meydanı ilə məhdudlaşmadığını, həm də qavrayış və məlumat üzərindən idarə olunduğunu bildirib.
Burhanettin Duran saxta videoların, manipulyasiya edilmiş məzmunların və mütəşəkkil təbliğat şəbəkələrinin müasir münaqişələrin mərkəzi elementlərinə çevrildiyi barədə xəbərdarlıq edərək: “Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti olaraq dürüst, təsdiqlənmiş və etibarlı məlumatlara əsaslanan bir informasiya ekosistemi yaratmağı prioritetlərimizdən biri hesab edirik” -deyə vurğulayıb.
Türkiyənin beynəlxalq arenadakı roluna toxunan B.Duran ölkənin İraq, Suriya, Cənubi Qafqaz, Ukrayna və Qəzza daxil olmaqla bir çox ciddi böhranlarda vasitəçi və sülhyaradıcı rol oynadığını qeyd edib.
Duran Prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” mesajının qlobal sistemdəki struktur bərabərsizliklərinə birbaşa cavab olduğunu bildirib.
Norma müəyyənləşdirici kimi müsəlman cəmiyyətləri
Burhanettin Duran müsəlman cəmiyyətlərinin beynəlxalq nizamın formalaşdırılmasında tarixən kənarda qaldığını da tənqid edib və sistem qurularkən onların qərarvermə proseslərindən böyük miqyasda məhrum edildiklərini qeyd edib.
Edvard Səidin əsərlərinə isnad edərək, xüsusən də “Orientalizm” (Şərqşünaslıq) və “Covering Islam” (Medyada İslam) kitablarına istinad edən Duran Qərb mərkəzli hekayələrin uzun müddətdir İslam dünyası haqqındakı qavrayışları formalaşdırdığını müdafiə edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edən Duran müsəlman cəmiyyətlərinin Qərb mərkəzli düşüncənin diktə etdiyi müdafiə mövqeyindən çıxmalı və yeni yaranan qlobal nizamda norma müəyyənləşdiricilərə çevrilməli olduqlarını deyib.
“Bugünkü keçid dövrü yalnız risklər deyil, həm də imkanlar təqdim edir” -deyən Duran əlavə edib: “Dəyərlərimizi yenidən sistemə daşımalıyıq. İslamofobiya və Qərb mərkəzli perspektivlerin formalaşdırdığı müdafiəyəmeyilli yanaşmaların öhdəsindən gəlməliyik”.
Burhanettin Duran texnologiya şirkətlərinin, lobbi qruplarının, kəşfiyyat şəbəkələrinin və hesabatlılığı olmayan rəqəmsal platformaların qlobal hekayələrin formalaşmasında mühüm rol oynadığını; hansı münaqişələrin ön plana çıxarılacağına və hansı səslərin eşidiləcəyinə təsir etdiklərini vurğulayıb.
Eyni zamanda bu mühitin müsəlman cəmiyyətlərinə öz hekayələrini geri almaq və ifadə etmək imkanı yaratdığını deyən Duran deyib: “Öz hekayəmizi danışa bilməsək, başqaları bizim yerimizə danışmağa davam edəcək. Və əgər başqaları bizim hekayəmizi danışarsa, dünyadakı yerimizi də onlar müəyyən edəcəklər”.
Hökumətlər, vətəndaş cəmiyyəti, akademiklər, jurnalistlər və sənətçilər arasında daha güclü əməkdaşlığa çağıran Duran rəqəmsal savadlılığın artırılmasına və dezenformasiya ilə mübarizə aparacaq qurumlara daha çox investisiya qoyulmasını təklif edib.
Burhanettin Duran forumda qurulacaq dialoq və əməkdaşlığın müsəlman dünyasında birliyi gücləndirəcəyinə və daha geniş beynəlxalq birliyə müsbət töhfə verəcəyinə ümid etdiyini də bildirib.














