İsraildə dərc olunan “Haaretz” qəzetində 17 apreldə dərc olunan etiraf müsahibəsində 34 yaşlı keçmiş İsrail əsgəri və bilgisayar proqramçısı Yuval deyir: "Heç bir cavabım yoxdur. Etdiklərim bağışlanmazdır. Bunun əfvi yoxdur".
"Canavar olduğumu hiss edirdim: IDF (İsrail Ordusu) əsgərləri, 'Əxlaqi yara' — və səssizlik" başlıqlı xəbər dünyanın "ən əxlaqlı ordusuna" sahib olduğu barədə İsrailin həssaslıqla yaratdığı əfsanəni darmadağın edir.
Xəbər 2023-cü ilin oktyabrından bəri Qəzzadakı qətliam sahələrində xidmət edən İsrail hərbi bölmələrinin təsadüfi qətllər, işgəncə, talan və ört-basdır etmə əməlləri törətdiyini ortaya qoyub.
Mülki həyata qayıtdıqda, bəziləri günahkarlıq hissi ilə mübarizə aparmaq məcburiyyətində qalırlar.
Lakin “Haaretz” qəzetində yer alan və bəzi İsrail əsgərlərinin yaşadığı iddia edilən sözdə "əxlaqi yara"nı vurğulayan epizodlar Qəzzanın hər küncündə saysız fələstinli məzluma göstərilən dəhşətin yanında mənasız qalır.
2023-cü ilin dekabrında Xan Yunisdə, Salah əd-Din yolu yaxınlığında Yuvalın hərbi dəstəsi bir dronun "şübhəli şəxslər" gördüyünü deməsi ilə hücuma keçib.
O, "bir dəli kimi" atəş etdi; sonra silahsız yaşlı bir adamın və üç gənc uşağın qətlində iştirak etdiyini anladı. Meyitləri güllə-baran edilmişdi, daxili orqanları görünürdü.
Bölük komandiri gəldi. Bir əsgər meyitlərin üzərinə tüpürdü və qışqırdı: "İsraillə işi olan hər kəsin başına gələn budur!..." Yuval şok içində donub qaldı, amma heç nə demədi. O, “Haaretz” qəzetinə: "Mən bir uduzanam, tam bir qorxağam" dedi.
2023-cü ilin oktyabrı ilə 2025-ci ilin sonu arasında 80 mindən çox İsrail əsgəri psixoloji narahatlıqlar səbəbindən müalicə alıb.
2025-ci ilin oktyabrına qədər İsrail ordusu son 18 ayda 279 intihar cəhdi qeydə alıb ki, bunlardan 36-sı ölümlə nəticələnib.
“Haaretz” qəzetinin məqaləsi göstərir ki, zahirən məsuliyyət daşımayan İsrail əsgərləri üçün belə, nə qədər də qeyri-mütənasib və ədalətsiz və haqsız olsa da, "nə əksən, onu biçərsən" atalar sözü qüvvədədir.
Nəticədə, bu israillilər yaşamağa, nəfəs almağa, dərmanlarını qəbul etməyə və terapiya seanslarına qatılmağa davam edərkən, onların adsız fələstinli qurbanları isə layiqli bir dəfn mərasimndən belə məhrum halda, tonlarla dağıntı altında, adsız məzarlarda yatırlar.
Tərxis olunduqdan sonra Tel-Əvivə qayıdan Yuval günahsız insanları öldürməkdə vicdani tərəddüd göstərmədən iştirak etdiyi üçün özünü "canavar" kimi hiss edirdi.
Yüksək texnologiya işindən istefa verdi, kapüşonlu geyimlərdə gizləndi, güzgülərini qırdı və intihar düşüncələrindən bəhs etdi:
"Bəlkə də bir təhər ölmək istəyirəm, hər şey bitsin".
“Haaretz” qəzetinə verdiyi müsahibədən iki gün sonra psixiatriya xəstəxanasına yerləşdirildi.
Lakin onun qurbanları, daha doğrusu onların meyitlərii, hələ də Qəzzanın bir yerlərində dağıntılar altında yatır; İsrail 2023-cü ilin oktyabrından bəri bura ən azı altı ədəd "Xirosima böyüklüyündə" atom bombasına bərabər olan yüzlərlə ton partlayıcı atıb.
Yuvalın saysız-hesabsız qurbanlarının yaxınları terapiya və ya antidepresantlara çata bilmirlər. Bütün əşyalarını və dolanışıq vasitələrini itirdikdən sonra müvəqqəti çadırlarda yaşamağa davam edirlər.
“Haaretz” qəzetinin xəbərindəki hər müsahibədə müharibə cinayətləri ilə bağlı günahkarlıq hissi təkrarlanır.
Maya zirehli korpusun ehtiyat bölməsində xidmət edərkən beş silahsız fələstinlinin ordunun təyin etdiyi "ixtiyari xətti" keçməsi zamanı orada olub.
Komandir atəş əmri verib, tankın pulemyotu saniyələr ərzində yüzlərlə güllə yağdırıb. Dördu ordaca ölüb, sağ qalanın üzərinə isə əsgərlər gülərək sidiyə çıxıblar.
Maya sonradan o adamın sadəcə evinə getməyə çalışan günahsız biri olduğunu öyrəndikdə özünü "iyrənc" hiss edərək obsessiv şəkildə duş almağa başlayıb.
“Necə sadəcə dayanıb heç nə etmədim? Bu vəziyyət qarşısında mənim haqqımda nə deyilə bilər?
“Necə bir vəziyyətdəyik”
Başqa bir əsgər Yehuda əlləri havada təslim olan silahsız bir fələstinlinin bir zabit tərəfindən edam edilməsinin şahidi olub.
Dron görüntüləri o anı qeydə alsa da, zabitlər bunu ört-basdır edərək "terrorçu öldürdük" deyə hesabat veriblər.
Yehuda isə o anda səssiz qalmağa üstünlük verib.
Aylar sonra Madriddə bir muzeydə Qoyyanın (Goya) silahsız bir adamı göstərən tablosunu gördükdə Yehuda elə ordaca sinir böhranı keçirib.
Anidən tərləməyə və qarşısı alınmaz şəkildə ağlamağa başlayıb.
“Necə oldu da kənarda dayanıb baş verənlərin qarşısını almadım?”
Nahal Briqadasının snayperləri qida axtaran və ya yardım istəyən mülkiləri vurduqlarını etiraf ediblər.
Snayper durbini ilə baxanda bu, onlara "kompüter oyunu" kimi gəlirdi, lakin tərxis olunduqdan sonra öldürdükləri insanların üzləri onları gecələr kabusa qərq edib.
Eitan Qəzzanın şimalında bir sorğu otağını qoruyarkən, bir müstəntiqin məhbusun cinsi orqanına kabellər bağlayaraq ona işgəncə verdiyini, adamın "ruhu bədənindən ayrılırmış kimi" qışqırdığını izləyib.
O indi soruşur: "Zirzəmilərdə daha nələr olur? Hansı sirləri saxlayırıq?"
Qəzet tərəfindən Guy olaraq təqdim edilən bir adam 2023-cü ildən sonra yüzlərlə gün ehtiyatda olub. Xüsusi metodlarla terrorçuları öldürməyi məqsəd götürən tunel əməliyyatları bəzi əsgərləri həyəcanlandırarkən, o, yanan insan ətinin qoxusuna dözə bilmədiyi üçün vegeterian olub.
O, Holokostun (Yəhudi soyqırımı) əks-sədalarını gördüyünü bildirərək soruşur: "Nə hala gəldik? Mən nə hala gəldim?"












