Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşə rəsmi səfər edəcək.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan banqladeşli həmkarı Xəlilur Rəhmanın dəvəti ilə bu ölkəyə səfər edəcək.
Səfər çərçivəsində Hakan Fidanın Banqladeş Baş naziri Tariq Rəhman tərəfindən qəbul edilməsi və həmkarı Xəlilur Rəhmanla ikitərəfli danışıqlar aparması planlaşdırılır.
Görüşlərdə rəsmi Ankara ilə Dəkkə arasındakı dərin köklü əlaqələr və fevral ayında Banqladeşdə keçirilən ümumi seçkilərdən sonra formalaşan yeni hökumətlə yaranan müsbət dinamika müzakirə olunacaq. Tərəflər ticarət, müdafiə sənayesi, enerji, təhsil, mədəniyyət, elm və səhiyyə sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivlərini nəzərdən keçirəcəklər, həmçinin, ikitərəfli ticarət həcminin mövcud 1,35 milyard dollardan 2 milyard dollara çatdırılması hədəfi bir daha təsdiqlənəcək. Danışıqlarda Cənubi Asiyanın sabitliyi və regional təhlükəsizlik məsələləri ilə yanaşı, Yaxın Şərq və İrandakı son proseslər ətrafında da fikir mübadiləsi aparılacaq.
Hakan Fidanın Myanmadakı vətəndaş müharibəsindən qaçaraq Banqladeşə sığınan Rohingya müsəlmanlarının yaşadığı Koks Bazarındakı qaçqın düşərgələrinə baş çəkəcəyi bildirilir. Hakan Fidan burada Türkiyənin rəsmi qurumları — TİKA, AFAD, Türkiyə Qızıl Aypara Cəmiyyəti, Türkiyə Diyanət Fondu və Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən humanitar yardım layihələri ilə tanış olacaq.
Bildirilir ki, Türkiyənin Rohingya müsəlmanlarına etdiyi humanitar yardımın ümumi həcmi artıq 80 milyon dolları ötüb. Nazir həmçinin 2018-ci ildən bəri fəaliyyət göstərən və hər gün 1000-ə yaxın insana xidmət edən Türk Səhra Xəstəxanasını da ziyarət edəcək.

















