ABŞ dövlət katibi Marko Rubio ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Vaşinqtonda bir araya gələrək Yəmən məsələsini müzakirə ediblər.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı strateji münasibətləri nəzərdən keçirib, bölgədəki mövcud problemlərin həlli istiqamətində səyləri və beynəlxalq hadisələri qiymətləndiriblər.
Görüşdə regional sabitliyə töhfə vermək, eləcə də qlobal ticarət və təchizat zəncirlərinin fasiləsiz işləməsini təmin etmək üçün Hörmüz və Bab əl-Məndəb boğazlarında naviqasiya azadlığının və dəniz təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, Yəməndə hərbi qarşıdurmalar 2014-cü ilin sentyabrında husilərin paytaxt Sənanı və bəzi bölgələri ələ keçirməsindən sonra başlayıb. 2015-ci ilin mart ayından etibarən isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verir.






















