Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da nəşr olunan “Newsweek” jurnalına müsahibə verib. Prezident R.T.Ərdoğan onilliklər boyu insanları qətl edən, resursları məhv edən, Türkiyənin və bölgənin inkişafına mane olan terror məsələsini gündəmdən birdəfəlik çıxarmaq istədiklərini vurğulayıb.
Ölkə başçısı R.T.Ərdoğan deyib: “PKK-nın fəaliyyətini dayandırmaq və silahı yerə qoymaq istiqamətində qəbul etdiyi qərarları bu baxımdan mühüm bir mərhələ hesab edirik. Lakin əsas məsələ qəbul edilən qərarların yerlərdə tam şəkildə tətbiq olunmasıdır. Təşkilatın bütün tərəfləri ilə silahı yerə qoyması və qeyri-qanuni quruluşun ləğv edilməsi lazımdır. Bu prosesin dövlətimizin aidiyyəti qurumları tərəfindən incələnərək təsdiq edilməsi vacibdir. Suriyadakı hadisələri də eyni yanaşma ilə izləyirik. Oradakı bütün silahlı qrupların mərkəzi dövlət strukturu tərkibində birləşməsi zəruridir. Bu adımların Suriyanın suverenliyinin, ərazi bütövlüyünün və ictimai birliyinin möhkəmlənməsi üçün mühüm olduğu qənaətindəyik. Biz bu prosesin bərabər hüquqlu vətəndaşlıq prinsipi əsasında irəliləməsini dəstəkləyirik. Kürdlər də daxil olmaqla, bütün Suriya xalqının özünü daha təhlükəsiz, azad və firavan hiss edəcəyi bir nizamın qurulmasının tərəfdarıyıq. Suriyanın birliyi möhkəmləndikcə bölgəmizin təhlükəsizliyi də artacaqdır”.
Prezident R.T.Ərdoğan sözlərinə belə davam edib: “Kürdlər bizim qardaşlarımızdır. Biz min ildir ki, birlikdə yaşayırıq. Sevincimiz də birdir, kədərimiz də. Hər zaman vurğulayıram kürdlər, ərəblər və türklər olaraq ətlə dırnaq kimiyik. Kürd qardaşlarımızın təhlükəsizliyini və rifahını terror təşkilatlarının yaxud xarici qüvvələrin maraqlarından ayrı tuturuq. Türkiyənin meyyarı etnik kimlik deyil, terror, zorakılıq və milli təhlükəsizliyimizə yönəlmiş təhdiddir. Bölgəmizdəki insanların başqa ölkələrin müharibələrinə alət edilməsinə icazə verilməməsinin vacibliyinə inanırıq”.



























