TÜRKİYƏ
3 dəqiqə oxuma
Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib
Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası ilə əlaqədar olaraq Nyu-Yorkda olan zaman "Türk Evi"ndə görüşlərini davam etdirdi
Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib
Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda səfərdə olan Prezident Ərdoğan "Türk Evi"ndə görüşlərini davam etdirib.

Prezident Ərdoğan Vyetnam Prezidenti To Lam ilə görüşüb.

Görüşdə Türkiyə-Vyetnam münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Dövlət başçısı Ərdoğan Türkiyənin iki ölkə arasındakı münasibətlərin "Strateji Tərəfdaşlıq" səviyyəsinə qaldırılması təklifinə Vyetnamın müsbət cavab verməsindən məmnunluğunu bildirib; Vyetnam ilə sərmayə, ticarət, müdafiə sənayesi başda olmaqla bir çox sahədə əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərdiklərini qeyd edib.

Ərdoğan Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə də görüşüb.

Türkiyə-Liviya münasibətləri, regional və qlobal məsələlərin nəzərdən keçirildiyi görüşdə Ərdoğan Türkiyənin Liviyada sabitliyin davam etməsi üçün səy göstərdiyini, dialoq və razılığı hədəfləyən prosesin davamının mühüm olduğunu, Türkiyənin Liviyanın mənafeyinə uyğun gəlməyən heç bir formula razı olmayacağını vurğulayıb.

Ərdoğan iki ölkənin energetika, müdafiə və dağ-mədən sahələrindəki əməkdaşlığını artırmaq üçün işlərin davam etdiyini bildirib.

Ərdoğan daha sonra Küveytin vəliəhd şahzadəsi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə bir araya gəlib.

Görüşdə Türkiyə ilə Küveyt arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

İki ölkənin ticarət və energetika başda olmaqla bir çox sahədə əməkdaşlığı inkişaf etdirmək üçün çalışdığını qeyd edən Ərdoğan Türkiyənin regiondakı çətin və münaqişəli prosesdə Küveyt kimi qardaş ölkələrin yanında olduğunu bir daha ifadə edib.

Prezident Ərdoğan İsrailin regiondakı təcavüzkarlığının qarşısının alınmalı olduğunu vurğulayaraq, bunu təmin etmək üçün beynəlxalq səylərin dəstəklənməsinin vacibliyinə diqqət çəkib.

Ərdoğan Kosovonun Baş naziri Albin Kurtini də qəbul edib.

Görüşdə Türkiyə-Kosovo ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə iki ölkənin ticarət dövriyyəsini potensialına yaraşan şəkildə artırmaq üçün addımlar atmağa davam edəcəklərini, təhlükəsizlik və müdafiə sənayesi sahələrindəki əməkdaşlığı da inkişaf etdirəcəklərini bildirib.

Ərdoğan Türkiyənin Kosovoya beynəlxalq aləmdə haqq etdiyi yeri tutması üçün dəstəyinin davam edəcəyini, Türkiyə olaraq Balkan ölkələri arasındakı dialoqu da dəstəklədiklərini qeyd edib.

Ərdoğan daha sonra Livanın Baş naziri Nəvvaf Salam ilə görüşüb.

Qəbulda Türkiyənin Livanda davamlı sülh və sabitliyin bərqərar olması üçün səy göstərdiyini, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrini (UNIFIL) əvəz edəcək beynəlxalq təşəbbüsə ehtiyac olduğunu bildirən Ərdoğan çətin vaxtlarda Türkiyənin Livan xalqının yanında olmağa davam edəcəyini, Livana humanitar yardım və tibbi dəstək göndərməyi sürdürəcəyini vurğulayıb.

Prezident Ərdoğan son olaraq Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qəbul edib.

Qəbulda Türkiyə-Gürcüstan münasibətləri ilə regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Türkiyənin Gürcüstanın 18 ildirdir ki, ən böyük ticarət tərəfdaşı olmasından məmnunluğunu bildirib; ticarət, nəqliyyat, təhlükəsizlik başda olmaqla bir çox sahədə əməkdaşlığı daha da irəliyə aparacaq addımlar atmağa davam edəcəklərini qeyd edib.

İki ölkənin beynəlxalq müstəvidə həmrəyliyini davam etdirməsinin mühüm olduğunu vurğulayan Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlıq mexanizmlərindən ən səmərəli şəkildə istifadə olunmasının ölkələrə fayda verəcəyini diqqətə çatdırıb.