TÜRKİYƏ
3 dəqiqə oxuma
Türkiyə nəqliyyat sahəsindəki emissiyanı azaltmaq üçün sıfır tullantı sazişi imzalayıb
İmzalanan saziş nəqliyyat və infrastruktur sahələrində sıfır tullantı prinsiplərinin geniş tətbiqinə imkan verəcəyi bildirilir
Türkiyə nəqliyyat sahəsindəki emissiyanı azaltmaq üçün sıfır tullantı sazişi imzalayıb
Türkiyə nəqliyyat sahəsindəki emissiyanı azaltmaq üçün sıfır tullantı sazişi imzalayıb / AA

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu aprelin 29-da (bu gün) Ankarada nazirlik binasında keçirilən mərasimdə Sıfır Tullantı Vəqfi ilə əməkdaşlıq protokolu imzalayıb.

Keçirilən imza mərasimində çıxış edən A.Uraloğlu qeyd edib ki, bu saziş nəqliyyat layihələrində tullantıların idarə olunması standartlarını ən yüksək səviyyəyə qaldıracaq.

A.Uraloğlu deyib: “Tikinti və texniki xidmət proseslərində təkrar emal olunmuş materialların istifadəsini artıracağıq, limanlarımızda, hava limanlarımızda və stansiyalarımızda sıfır tullantı tətbiqlərini standart halına gətirəcəyik, dayanıqlı nəqliyyatla bağlı məlumatlılığı sərnişinlərimiz, əməkdaşlarımız və bütün tərəfdaşlarımız arasında yayacağıq.”

Nazir bildirib ki, nəqliyyat sektoru dünya üzrə istixana qazı emissiyalarının təxminən 21 faizinə görə məsuliyyət daşıyır və bu sahədə üçüncü ən böyük səbəbdir. Onun sözlərinə görə, Türkiyədə isə bu sektor 17,6 faiz payla ən çox emissiya yaradan ikinci sahədir.

A.Uraloğlu deyib: “Bu rəqəmlər iqlim dəyişikliyi ilə mübarizədə nəqliyyat sektorunun kritik rol oynadığını açıq şəkildə göstərir.”

Nazir hazırda həyata keçirilən bir sıra təşəbbüslərə də toxunaraq, Avropa İttifaqı (Aİ) ilə maliyyə əməkdaşlığı çərçivəsində maliyyələşdirilən “Türkiyənin nəqliyyatda sıfır emissiya yol xəritəsi”ni və “Hər bilet bir fidan” yaşıl kampaniyasını nümunə göstərib.

A.Uraloğlu bildirib ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkədə öz institusional karbon izini hesablayan ilk nazirlikdir. Nazirliyin məlumatına görə, yalnız fasiləsiz nəqliyyat axınının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində atmosferdən 6,55 milyon ton karbon azaldılıb. Bu göstərici təxminən bir milyon yetkin ağacın bir ildə udduğu karbon miqdarına bərabərdir.

Nazirin sözlərinə görə, digər ekoloji nailiyyətlər arasında hər il təxminən iki milyon ton asfaltın təkrar istifadəyə qaytarılması, ekoloji körpülərin və velosiped yollarının istifadəyə verilməsi, dəmir yolu ilə yük daşımalarının ümumi daşımalar içində payının 5 faizdən 22 faizə çatdırılması yer alır. A.Uraloğlu əlavə edib ki, İstanbulda həyata keçirilən Marmaray dəmir yolu layihəsi 2013-cü ildə istifadəyə verildikdən bu yana 62 milyon ton karbon emissiyasının qarşısını alıb.

Aviasiya sahəsinə də toxunan nazir bildirib ki, Türkiyə Havalimanı Karbon Akreditasyonu Proqramı çərçivəsində karbonsuz sertifikat almış hava limanlarının sayına görə ABŞ-dən sonra dünyada ikinci yerdədir və ölkədə 52 sertifikatlı hava limanı fəaliyyət göstərir. Nazirlik həmçinin hava limanlarında təyyarələrin dayandığı və xidmət göstərildiyi hissədə “Follow Me” müşayiət xidmətlərində yerli istehsal olan 145 ədəd “Togg” elektrikli avtomobilindən istifadə edir.

A.Uraloğlu bildirib ki, imzalanan əməkdaşlıq protokolu nəqliyyat və infrastruktur sektorlarında sıfır tullantı prinsiplərinin genişləndirilməsi, resurs səmərəliliyinin artırılması, tullantıların yaranmasının qarşısının alınması, təkrar istifadə və təkrar emala əsaslanan iqtisadi yanaşma modellərinin tətbiqi və yaşıl infrastruktur layihələrinin təşviqi məqsədilə hazırlanıb.

Tədbirdə iştirak dən Sıfır Tullantı Vəqfinin sədri Səməd Ağırbaş mərasimdə çıxış edərək bildirib ki, Türkiyə bu il iki böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Onun sözlərinə görə, bunlardan birincisi olan Sıfır Tullantı Forumu 5–7 iyun tarixlərində keçiriləcək. Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı və Harvard Universiteti ilə Kembric Universiteti kimi aparıcı universitetlərin dəstəklədiyi forumda 150-dən çox ölkədən nümayəndələrin, 100-dən artıq nazirin və 5 mindən çox iştirakçının qatılması gözlənilir.

Qeyd olunub ki, Türkiyənin ilin sonrakı aylarında COP31 konfransına da ev sahibliyi edəcəyi gözlənilir.

S.Ağırbaş Türkiyənin nəqliyyat və infrastruktur sahəsindəki inkişafını yüksək qiymətləndirərək bildirib ki, dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər ölkənin inkişafını heyranlıqla qarşılayır.

O əlavə edib ki, yeni imzalanan protokol nazir A.Uraloğlunun rəhbərliyi ilə nəqliyyat və infrastruktur sahəsində sıfır tullantı təşəbbüslərini daha da gücləndirəcək.

MƏNBƏ:TRT