Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində beynəlxalq və regional məsələlərə toxunaraq Qəzzada törədilən cinayətlərə və regiondakı gərginliklərə qarşı Türkiyənin qətiyyətli mövqeyini davam etdirəcəyini vurğulayıb.
Sentyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etdiyini xatırladan dövlət başçısı bu il həmin kürsüdən 16-cı dəfə çıxış etdiyini bildirib. O, çıxışı zamanı daha ədalətli, etimad və rifahın hökm sürdüyü yeni bir dünya nizamı üçün beş maddədən ibarət təkliflər paketini dünya ictimaiyyəti ilə bölüşdüyünü, xüsusən Fələstin, Rusiya-Ukrayna və İran ətrafındakı müharibə və münaqişələrin həlli yolları ilə bağlı Türkiyənin baxışını ifadə etdiklərini qeyd edib.
İsrailin Qəzza və İordan çayının qərb sahilində törətdiyi hücumların müzakirə edildiyini vurğulayan Türkiyə Prezidenti deyib: "Bəşəriyyətə qarşı cinayət törədənlər, 74.000 qəzzalı qardaşımızın qanını tökənlər, Livandan Suriyaya qədər bölgəmizdə terror yayanlar qanun qarşısında cavab verənə qədər mövqeyimizdən vaz keçməyəcəyik, cəsarətlə həqiqəti bəyan etməyə və faktları dilə gətirməyə davam edəcəyik".
Ölkənin daxili və xarici siyasətindəki gücünə diqqət çəkən R.T. Ərdoğan çıxışını bu sözlərlə yekunlaşdırıb: "Bu gün keçmişlə müqayisədə daha güclü, gələcəyinə ümidlə baxan, ətrafına inam aşılayan, dostlarının etimad bəslədiyi Türkiyə dövləti var. Ən önəmlisi isə budur ki, bu gün daxilində min illik qardaşlıq hüququnu yenidən bərpa edən, qonşuları ilə qucaqlaşan Türkiyə Respublikası var. Biz böyük düşünən, böyük addımlar atan, böyük hədəflər müəyyənləşdirərək həmin hədəflərə əzmlə irəliləyən bir dövlətik. Allahın izni ilə bu yolun sonuna qədər gedəcəyik’’.






















